Serbiya prezidenti Aleksandr Vuçic Belqrad yaxınlığındakı Bataynıtsa aerodromunda hərbi texnikanın nümayişi zamanı ölkədə məcburi hərbi xidmətin bərpa olunacağını rəsmən elan edib.
NOCOMMENT.az xəbər verir ki, 2027-ci ilin martından qüvvəyə minəcək yeni qaydaya əsasən, 30 yaşınadək olan bütün kişilər üçün 75 günlük hərbi xidmət məcburi olacaq.
Prezident bildirib ki, Serbiya ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi ölkənin müdafiə imkanlarını daha da artıracaq. Bu qərarın icrası üçün müvafiq bürokratik prosedurların tamamlanması və qanun layihəsinin parlament tərəfindən təsdiqlənməsi tələb olunur. Vuçic qeyd edib ki, bu qısa müddətli xidmət gənclərə məsuliyyət və ciddilik aşılayacaq, həmçinin onlara həyata fərqli bir prizmadan baxmağa kömək edəcək.
Qonşu ölkələrin bu addıma verə biləcəyi reaksiyaya toxunan dövlət başçısı vurğulayıb ki, Serbiya heç kimə təhdid yaratmır, yalnız öz ərazisini qorumağa hazırlaşır. Xatırladaq ki, Serbiya ordusu 2011-ci il yanvarın 1-dən etibarən parlamentin qərarı ilə tam peşəkar əsaslarla fəaliyyət göstərir və çağırış sistemi dayandırılmışdı.
Bu elan prezidentin istefası və ölkədə erkən parlament və prezident seçkilərinin keçiriləcəyi barədə bəyanatından bir gün sonraya təsadüf edir.
Sara,
NOCOMMENT.az











