İstefa verəcəyini RƏSMƏN AÇIQLADI

İstefa verəcəyini RƏSMƏN AÇIQLADI

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda keçirilən çoxminli hökumətyönlü mitinqdə çıxışı zamanı siyasi gələcəyi ilə bağlı gözlənilməz anons verib. O, yaxın bir neçə həftə ərzində dövlət başçısı postunu tərk edəcəyini və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Vuçiç öz çıxışında qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi zərurəti yaranıb və bu proses yaxın üç-dörd ay ərzində baş tutacaq. O, "Bəli, məntiqlidir, bizim tezliklə seçkilərimiz olacaq. "Tezliklə" dedikdə, qarşıdakı üç-dörd ayı nəzərdə tuturam" deyə vurğulayıb.

Prezidentin bu qərarı 2027-ci ilin yazında başa çatmalı olan səlahiyyət müddətinin vaxtından əvvəl bitirilməsi deməkdir. Ekspertlər və siyasi dairələr Vuçiçin prezidentlikdən getdikdən sonra daha geniş səlahiyyətlərə malik olan Baş nazir vəzifəsinə namizədliyini irəli sürə biləcəyini ehtimal edirlər. Prezident özü də gələcəkdə Baş nazir postuna namizədliyini istisna etməyib.

Bu qərar ölkədə bir ildən çoxdur davam edən siyasi gərginlik və müxtəlif ictimai etirazlar fonunda qəbul edilib. Vuçiç bildirib ki, istefasından sonra idarəedici Serbiya Proqressiv Partiyasına (SNS) seçkiqabağı kampaniyada yaxından kömək edəcək və "Birləşmiş Serbiya" adı altında çıxış edəcək namizədlər siyahısında yer alacaq.

Xarici siyasət kursuna gəldikdə, dövlət başçısı Serbiyanın hərbi neytrallığını qoruyacağını, Rusiya və Çinlə ənənəvi dostluq münasibətlərini davam etdirəcəyini, eyni zamanda Avropa İttifaqı ilə inteqrasiya prosesini sürətləndirmək niyyətində olduğunu bir daha təsdiqləyib.