Rusiya ilə NATO arasında gərginlik: Avropa yeni müharibəyə hazırlaşır

Rusiya ilə NATO arasında gərginlik: Avropa yeni müharibəyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhə nail olmağa çalışdığı bir vaxtda, Avropa liderləri Rusiyadan gələ biləcək təhlükə ilə bağlı xəbərdarlıqları gücləndirir.

NOCOMMENT.az xəbər verir ki, “The Wall Street Journal” yazır ki, Avropa təhlükəsizlik rəsmiləri cəmiyyəti Rusiya ilə mümkün müharibəyə hazır olmağa çağırır. Bu cür bəyanatlar hələ bir neçə il əvvəl təsəvvür olunmazdı.

Avropa ölkələri Trampın Kiyevi qeyri-sərfəli bir sülhə məcbur edə biləcəyindən ehtiyat edir.

Belə bir sülh Rusiya Prezidenti Vladimir Putinə əlavə üstünlüklər qazandıra, Ukraynanı isə növbəti hücumlara qarşı həssas vəziyyətə sala bilər. Odur ki, atəşkəs Rusiya üçün yeni təzyiq imkanları yarada bilər.

Bundan əlavə, ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın “düşmən” kimi qeyd olunmaması da Avropanı narahat edən faktorlardandır.

Niderland Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan admiralı Rob Bauer bildirib: “Avropa sülhü qorumaq istəyirsə, müharibəyə hazırlaşmalıdır.”

Onun sözlərinə görə, Rusiyanın hərbi-sənaye kompleksindəki istehsal həcmi Ukraynadakı müharibənin tələbatını aşır və bu da Avropa üçün yeni təhlükənin sürətlə geri qayıda biləcəyini göstərir.