Moskvada “Balzi Rossi” restoranında baş verən partlayış zamanı burada Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çaykonun ad gününün qeyd edildiyi barədə məlumat yayılıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya mediasında yayılan bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Bəzi mənbələrdə Çaykonun həmin vaxt restoranda olduğu ehtimal edilir.
Aleksandr Çayko 2022-ci ildə Rusiyanın Şərq Hərbi Dairəsinin komandanı olub və Ukraynaya qarşı müharibə zamanı “Şərq” qoşun qruplaşmasına rəhbərlik edib.
Avropa İttifaqının 2026-cı ildə qəbul etdiyi sanksiya qərarında Çayko Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanğıcında ölkə ərazisindəki ən yüksək rütbəli rusiyalı hərbçilərdən biri kimi göstərilir. Sənəddə Rusiya qoşunlarının Buçaya daxil olduğu dövrdə onun komandanlıq etdiyi və Buçada törədilən kütləvi cinayətlərin insanlıq əleyhinə və müharibə cinayətləri olduğu qeyd edilir.
Xatırladaq ki, bu gün Moskvanın Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında güclü partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Restoran həmin vaxt özəl tədbir üçün bağlanmışdı. Partlayışdan sonra əraziyə çoxsaylı təcili yardım və fövqəladə xidmət briqadaları cəlb edilib, ətraf yollar bağlanıb. (Musavat.com)










