İran ətrafında gərginlik: Bakıdan təcili addım – təhlükə ciddidir

İran ətrafında gərginlik: Bakıdan təcili addım – təhlükə ciddidir

“Forbes” jurnalında dərc olunan məqalədə bildirilir ki, İran ətrafında yaranmış hərbi gərginlik və son müharibənin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanlarını daha da gücləndirməsinə səbəb olub.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə hava məkanının müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib. Bu istiqamətdə ölkə Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block III” çoxməqsədli qırıcısını silahlanmaya qəbul edib.

Müasir radarlar və uzaqmənzilli hava-hava raketləri ilə təchiz olunan bu təyyarələrin ölkənin Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını artıracağı vurğulanır.

“Forbes” yazır ki, Azərbaycan bununla yanaşı, İsrail, Türkiyə və Çin istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri, radarlar və digər vasitələr hesabına çoxqatlı müdafiə şəbəkəsi formalaşdırır.

NOCOMMENT.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan uzun müddətdir öz müdafiəsini gücləndirir:

“1990-cı illərdə torpaqlarımız işğal olunduqdan sonra bu proses başladı və bu günə qədər davam edir. Xüsusilə maddi-texniki bazanın gücləndirilməsinə diqqət yetirildi. Bu da bizə sonrakı illərdə yeni nəsil silah-sursat və hərbi texnika almağımızda çox faydalı oldu. Bir çox dövlətlə silah alqı-satqısına dair sazişlər imzalandı.

Bununla belə, ölkəmiz təkcə xaricdən silah almır. Milli müdafiə sənayesi kompleksi yaradıldı və yerli silah istehsalına başlanıldı. Bu gün Azərbaycana məxsus bir sıra silah və hərbi texnika istehsal olunur. Bir çox ölkə ilə isə ümumiyyətlə ortaq layihələrimiz var.

Eyni zamanda ordunun əməliyyat şəraitinin və ruh yüksəkliyinin artırılması istiqamətində də addımlar atılır. Tez-tez keçirilən hərbi paradlar, hərbçilər arasında təbliğat işlərinin aparılması mühüm addımlardır.

Bu gün ölkəmizə qarşı xüsusi risk olmasa da, ordumuz inkişaf edir. Ölkənin ehtimal olunan təhdidlərinə qarşı ordumuz daim ayıq-sayıqdır. Real döyüş qələbəsi təcrübəsinə malik olan ordumuzun bu təcrübəni itirməməsi və gücünün azalmaması üçün davamlı işlər görülür. Bu da öz növbəsində bir çox xarici mətbuatda öz əksini tapır. Azərbaycan Ordusu dünyanın ən güclü və ən aktiv orduları sırasındadır. Bu, həm ölkəmizə qarşı hərbi niyyət güdən dövlətləri çəkindirir, həm də dost və müttəfiq ölkələri bizimlə əməkdaşlıqda maraqlı edir.

O ki qaldı İran ətrafında baş verən gərginliyə, Azərbaycan bu məsələdə öz mövqeyini açıq şəkildə bildirib. Biz nə İrana müdaxiləni dəstəkləyirik, nə də münaqişələrin hərbi yolla həllinin tərəfdarıyıq. Hər nə qədər baş verənlər bizi narahat etsə də, bu bizim savaşımız deyil. Lakin ehtimal olunan təxribatlardan və risklərdən qorunmaq üçün ordumuzu gücləndiririk”.