Rusiya qoşunları Pokrovska daxil olub: Şiddətli döyüşlər gedir

Rusiya qoşunları Pokrovska daxil olub: Şiddətli döyüşlər gedir

Rusiya hərbi birlikləri Donetsk vilayətinin Pokrovsk şəhərinin cənub məhəllələrində möhkəmləniblər. 
NOCOMMENT.az xəbər verir ki, bu barədə 7-ci desant-hücum korpusunun kommunikasiya şöbəsinin zabiti Sergey Lefter “RBK-Ukrayna”ya açıqlama verib. Onun sözlərinə görə, şəhərin şimalı hələ də Ukrayna qüvvələrinin nəzarətindədir.
Lefter bildirib ki, Rusiya hərbçiləri demək olar ki, açıq şəkildə, hətta gündüz saatlarında belə, kənd təsərrüfatı sahələri ilə irəliləyirlər. Rusiya artilleriyası isə Pokrovskdan cənubdakı yaşayış məntəqələrində yerləşdirilib və mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur.
Buna baxmayaraq, Pokrovskda mülki əhalinin bir hissəsi hələ də şəhəri tərk etməyib və döyüşlər onların yaxınlığında davam edir.
Ukrayna hərbçilərinin sözlərinə görə, Pokrovsk istiqamətində hücumlar artıq bir ildən çoxdur ki, fasiləsiz şəkildə davam edir və Rusiya ordusu bu istiqamətdə “çox ağır itkilər” verib. “Axilles” polkunun komandiri Yuri Fedorenko qeyd edib ki, Rusiya qoşunları cəbhənin cinahlarından keçməyə çalışsa da, Ukrayna müdafiə qüvvələri onların say və texniki üstünlüyünə baxmayaraq, hücumları dayandıra bilir.