Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Zaporojye, Xerson, Dnepropetrovsk və Xarkov vilayətlərini raketlər, idarəolunan aviabombalar və pilotsuz uçuş aparatları ilə intensiv atəşə tutub. Hücumlar nəticəsində ümumilikdə 7 nəfər həlak olub, 56 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
NOCOMMENT.az xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, Rusiya qüvvələri regionun 56 yaşayış məntəqəsinə 975 zərbə endirib və bu insidentlər nəticəsində 3 nəfər dünyasını dəyişib, 18 nəfər yaralanıb. Eyni zamanda, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, Xarkov şəhəri və vilayətin 29 yaşayış məntəqəsi raket və aviabomba hücumlarına məruz qalıb, nəticədə 4 nəfər həlak olub, 2 uşaq da daxil olmaqla 24 nəfər yaralanıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, atəş nəticəsində 11 nəfər xəsarət alıb və yaralananlar arasında 3 uşaq da var. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, PUA-lardan istifadə edilməklə vilayətin dörd rayonuna on dəfədən çox zərbə endirilib, nəticədə 3 nəfər yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Sara,
NOCOMMENT.az












