ABŞ-nin son dövrlərdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə artan marağı bir sıra iddiaları da gündəmə gətirib. Belə ki, bəzi mənbələr bildirir ki, Vaşinqton BMT-nin Baş katibi və Baş Assambleya sədri seçkilərində müttəfiqi olan keçmiş sovet ölkələrinə dəstək verə bilər. Ekspertlər isə ehtimal edirlər ki, BMT-nin yeni Baş katibi Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev olacaq.
Qeyd edək ki, Tokayev uzun müddət BMT-də çalışıb və Baş katib müavini vəzifəsinə qədər yüksəlib. Bundan başqa, o, növbəti seçkilərdə prezidentliyə namizəd olmayacağını açıqlayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Tokayevin adının BMT Baş katibliyi ilə yanaşı çəkilməsi təsadüfi görünmür:
“Tokayevin beynəlxalq diplomatiya təcrübəsi, xüsusilə uzun illər Birləşmiş Millətlər Təşkilatı sistemində çalışması və Baş katib müavini səviyyəsinə qədər yüksəlməsi onu texniki və institusional baxımdan bu posta uyğun fiqur kimi təqdim edir. Onun növbəti prezident seçkilərində namizəd olmayacağını açıqlaması da beynəlxalq karyera xəttinin ön plana çıxmasını göstərir. Belə bir fiqurun irəli sürülməsi Qərb üçün həm sistem daxilindən gələn, həm də kəskin geosiyasi qütbləşmədə neytral görünə bilən variant anlamına gəlir.
Digər tərəfdən, ABŞ-nin BMT Baş katibi və Baş Assambleya sədri seçkilərində keçmiş sovet ölkələri ilə daha koordinasiyalı mövqe tutacağına dair iddialar geniş strateji kontekstdə qiymətləndirilməlidir. Vaşinqton üçün bu məkan həm Rusiya təsirinin balanslaşdırılması, həm də Mərkəzi Asiya və postsovet coğrafiyasında “idarəolunan neytrallıq” modelinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Tokayev kimi fiqurlar isə məhz bu keçid və balans dövrü üçün kompromis namizədlər kimi dəyərləndirilir”.
Atilla Rzasoy












