Tramp növbəti hücumu açıqladı

Tramp növbəti hücumu açıqladı

Vaşinqtondan səslənən sərt bəyanatlar Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda yeni geosiyasi mərhələnin anonsu kimi qiymətləndirilir.

ABŞ senatoru Lindsey Qraham “FOX News” telekanalına müsahibəsində İran hakimiyyətinin süquta yaxın olduğunu iddia edib və növbəti hədəfin Kuba ola biləcəyini bildirib. Senator “Ayətullah ölüb” ifadəsini işlədərək Tehranda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu vurğulayıb, ardınca isə “növbədə Kuba var, onların rejimi də süqut edəcək” deyə əlavə edib.

Məlumatlara görə, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr Tehran və digər iri şəhərləri hədəf alıb. Hücumlardan dərhal sonra İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı cavab əməliyyatı elan etdiyi açıqlanıb. İran tərəfindən İsrailə, eləcə də ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyi bildirilir. Yayılan iddialarda İranın ali lideri Əli Xameneinin öldürüldüyü qeyd olunur, lakin bu məlumatla bağlı rəsmi və müstəqil təsdiq məsələsi beynəlxalq müstəvidə müzakirə mövzusu olaraq qalır.

Baş verən proseslər fonunda hazırda ABŞ Prezidenti olan Donald Tramp administrasiyasının mümkün növbəti addımları diqqət mərkəzindədir. Senator Qrahamın açıqlamaları Vaşinqtonun yalnız Yaxın Şərqlə kifayətlənməyərək Latın Amerikasında da sərt kurs götürə biləcəyi barədə müzakirələri gücləndirib. Xüsusilə Kuba ilə bağlı səsləndirilən fikirlər ABŞ-nin uzun illərdir davam edən sanksiya və təzyiq siyasətinin daha sərt mərhələyə keçə biləcəyi ehtimalını artırıb.

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz məsələni NOCOMMENT.az -a şərh edərkən bildirib ki, Vaşinqtondan gələn bu tip bəyanatlar ilk növbədə geosiyasi mesaj xarakteri daşıyır.

Onun sözlərinə görə, ABŞ prezidentinin sərt ritorikası və ona yaxın siyasi fiqurların çıxışları rəqib ölkələrə strateji xəbərdarlıq məqsədi daşıya bilər.

Ekspert hesab edir ki, İran ətrafında yaranmış hərbi qarşıdurma genişlənərsə, ABŞ-nin eyni vaxtda başqa bir regionda – xüsusilə Kuba istiqamətində – birbaşa hərbi müdaxilə etməsi ciddi beynəlxalq rezonans doğurar və böyük risklər yaradar:

“Kubaya qarşı mümkün addımlar daha çox iqtisadi sanksiyaların sərtləşdirilməsi, diplomatik təzyiq mexanizmlərinin genişləndirilməsi və siyasi təcrid siyasətinin gücləndirilməsi formasında ola bilər. Birbaşa hərbi müdaxilə ssenarisi yalnız son variant kimi nəzərdən keçirilə bilər və bu, ABŞ-nin beynəlxalq münasibətlər sistemində mövqeyinə ciddi təsir göstərə bilər”.

Ekspert əlavə edib ki, hazırkı mərhələdə əsas diqqət Yaxın Şərqdəki qarşıdurmanın miqyasının böyüməməsinə yönələcək:

“Bununla belə, Vaşinqtondan səslənən “növbədə Kuba var” kimi bəyanatlar qlobal siyasətdə yeni gərginlik ocaqlarının formalaşa biləcəyi ehtimalını gündəmdə saxlayır. Regionda və beynəlxalq sistemdə hadisələrin inkişafı isə ABŞ administrasiyasının növbəti real addımlarının hansı istiqamətdə olacağını müəyyən edəcək əsas faktor olaraq qalır”.

Tunar

NOCOMMENT.az