Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı, İrandan İsrail ərazisinə doğru raket zərbələrinin endirildiyi və bölgədə hərbi ritorikanın kəskinləşdiyi bir vaxtda, ABŞ Prezidenti Donald Trampdan vəziyyəti sabitləşdirməyə yönəlmiş təcili bəyanat gəlib. Ağ Ev rəhbəri Tehrana hərbi əməliyyatları dayandırmaq və diplomatik danışıqlara qayıtmaq barədə birbaşa çağırış edib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın İsrailə reallaşdırdığı son raket hücumlarından sonra verdiyi ilk rəsmi mesajında tərəfləri təmkinli olmağa səsləyib.
İran rəhbərliyinə müraciət edən Tramp, hərbi gərginliyin regional müharibəyə çevrilməməsi üçün sülh sazişi üzərində işi tamamlamağın vacibliyini vurğulayıb: *"İrana tövsiyəm budur: raketlərinizi atdınız, indi isə danışıqlar masasına geri dönün, sülh anlaşmasını tamamlayaq"*.
Tramp həmçinin qeyd edib ki, ABŞ və İran arasında artıq bir müddətdir davam edən sülh danışıqları çərçivəsində bir çox fundamental məsələlər üzrə irəliləyişlər qeydə alınıb və tərəflər yekun razılaşmaya olduqca yaxındırlar. O, Vaşinqtonun regionda hərbi eskalasiyanın genişlənməsində maraqlı olmadığını, lakin regional təhlükəsizliyin qorunması və Hörmüz boğazı başda olmaqla strateji yolların açıq qalması üçün sülh sazişinin mütləq şəkildə imzalanmalı olduğunu bildirib.
Ekspertlər ABŞ xüsusi xidmət orqanlarının və Pentaqonun İrana qarşı sərt xəbərdarlıqları fonunda Trampın bu bəyanatını Tehran üçün "diplomatik çıxış qapısı" və eskalasiyanı dayandırmaq üçün son şans kimi qiymətləndirirlər.
Əli Səfərli, NOCOMMENT.az











