Ukrayna-Rusiya münasibətlərinin nizamlanması ilə bağlı səylər göstərilir. Xüsusən də ABŞ lideri Donald Tramp bu məsələdə canfəşanlıq edir. ABŞ-nin hazırladığı 28 bəndlik Tramp planının ardınca, Avropa İttifaqının da münaqişə ilə bağlı 24 bəndlik sülh planı açıqlanıb.
Ukrayna tərəfi Tramp planını Ukrayna üçün “kapitulyasiya” adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova isə Avropa İttifaqının hazırladığı 24 maddəlik planı “ultimatum” olaraq qiymətləndirib.
Avropa İttifaqı müharibənin davam etməsinin tərəfdarıdır. Tramp planının tərkibində də eynilə Avropa İttifaqı planına bənzər siyasi elementləri görməmək mümkün deyil.
Bütün bunların fonunda Trampın sülh planının reallaşmasına və qəbul edilməsinə kimlər və ya nələr mane olur?

Mövzu ilə bağlı NOCOMMENT.az-a siyasi şərhçi İlyas Hüseynov danışıb.
Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsinin dayandırılması, atəşkəsin elan olunması və münasibətlərin nizamlanması üçün ABŞ əlindən gələni edir:
“Xüsusilə Donald Trampın səyləri açıq şəkildə hiss olunur. Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 maddəlik layihənin mediaya çıxmasından sonra siyasi-diplomatik proseslər daha da aktiv fazaya keçib və ABŞ bu planın qəbul olunmasını, reallaşmasını ciddi şəkildə dəstəkləyir.
Bunun səbəbi ondan ibarətdir ki, layihə ABŞ-nin geoiqtisadi maraqlarını təmin edir:
Ukraynanın zəngin nadir torpaq metallarından tutmuş, Rusiyanın xaricdə dondurulmuş aktivlərinin xərclənməsinə qədər bir çox proseslər ABŞ-nin nəzarətinə keçə bilər. Lakin bu şərtlərin Ukrayna üçün kifayət qədər ağır olduğunu da qeyd etmək lazımdır”.
Ekspert əlavə edib ki, digər tərəfdən, hazırda irəli sürülən layihəyə qarşı çıxan güclər də var:
“Kreml ilə Vaşinqton arasında danışıqlar aparan əsas şəxslərin telefon danışığının mediaya sızdırılması təsadüfi görünmür. Uşakov, eləcə də Rubio və Stiv Uitkoff kimi mühüm fiqurların danışıq detalları göstərir ki, dövlətlərin daxilində də hazırkı variantı qəbul etməyən və ona qarşı çıxan qruplar mövcuddur. Bu isə problemin nə qədər dərin köklərə malik olduğunu ortaya qoyur”.
“Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşdə də Makronun Avropanın proseslərdən kənarda qalmasını istəmədiyi hiss olunur. Avropa bu müharibəyə böyük vəsait xərcləyib və təhlükəsizlik zəmanətləri istəyir. Yeni təhlükəsizlik arxitekturasının formalaşdığı bir dövrdə Avropa özünü prosesdən kənarda görmək niyyətində deyil.
Bütün bunların fonunda müharibənin müddəti uzanır, həll variantları azalır və münaqişə artıq yeni bir mərhələyə qədəm qoyur”, – ekspert yekunlaşdırıb.












