Türkiyə genişmiqyaslı əməliyyata başladı

Türkiyə genişmiqyaslı əməliyyata başladı

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ölkə əleyhinə fəaliyyət göstərən irimiqyaslı beynəlxalq casusluq şəbəkəsinə qarşı uğurlu əməliyyat keçirib. Uzunmüddətli operativ təqib nəticəsində iki fərqli xarici xüsusi xidmət orqanına işləyən 9 şəxs müəyyən edilib.

NOCOMMENT.az xəbər verir ki, MİT-in Ankara Respublika Baş Prokurorluğu və Terrorla Mübarizə Şöbəsinin xüsusi qrupları ilə birgə apardığı təhqiqat çərçivəsində Türkiyənin 4 vilayətində eyni vaxtda reydlər təşkil olunub. Əməliyyat zamanı casusluq şəbəkəsinin rəhbəri B.E. daxil olmaqla 7 nəfər saxlanılıb, şəbəkənin digər 2 üzvünün isə artıq başqa cinayətlərə görə həbsxanada olduğu müəyyən edilib. Məhkəməyə sövq edilən 7 şübhəlinin hamısı barəsində həbs qərarı çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, B.E. və onun rəhbərlik etdiyi qrup Türkiyədəki qeyri-hökumət təşkilatları, dərnəklər, müxtəlif etnik qruplar və dövlət məmurları barədə mühüm, həssas məlumatları toplayaraq xarici kəşfiyyat orqanlarına ötürürmüş. MİT şəbəkə üzvlərini kiberizləmə, fiziki və texniki təqib metodları ilə addım-addım izləyərək onların rabitə xətlərini, hesabat üsullarını və pul köçürmə mexanizmlərini tam ifşa edib. Keçirilən bu strateji əməliyyatla xarici kəşfiyyat orqanlarının Türkiyədəki şəbəkə strukturu və hədəfləri tamamilə darmadağın edilib.