Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hazırlanmış “sülh planı”nın müzakirəsi üçün ABŞ-də keçirilən görüşlərin uğurlu olduğunu deyib. O bildirib ki, ABŞ administrasiyasının Rusiya–Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü təşəbbüslə bağlı danışıqlar davam edir və proses “ədalətli sülhün əldə olunması” məqsədi daşıyır. Umerov Ukrayna Prezidenti Volodimir Zelenski ilə daim əlaqədə olduğunu vurğulayaraq, qarşıya qoyulan prioritetlərin ölkənin milli maraqlarının qorunması, konkret dialoq və Cenevrədə əldə olunan nəticələr üzərindən irəliləmək olduğunu bildirib.
Bu cür görüşlərin sonu necə olacaq, daha çox kimin maraqları təmin ediləcək?

Mövzu ilə bağlı NOCOMMENT.az-a siyasi şərhçi Əhəd Məmmədli danışıb:
“Bu müharibə gec-tez ya atəşkəs, ya da sülh müqaviləsi ilə bitəcək. Əbədi müharibə olmur.
Putin çalışacaq ki, xalqına, onun prezidentliyi dövründə Rusiyanın böyüdüyünü göstərsin.
Bu, rus xalqı, xüsusilə də şovinizmlə alışıb-yanan təbəqələr üçün kifayət edəcək. Beləliklə, Putin hakimiyyətdə qalmağa davam edəcək.
Ukrayna isə torpaq itirmiş, lakin ABŞ və Qərbin nəzarəti altına keçmiş bir ölkə olacaq.
Bu, müstəqillik deyil. Əgər Ukrayna siyasi elitası ağıllı davranmasa, bu proses daha da ağır olacaq. Ən yaxşı halda Ukrayna Cənubi Koreya və ya Tayvan kimi “qızıl qəfəs”də olan ölkəyə çevriləcək. Onlar müstəqil görünsələr də, əslində ABŞ-nin təsiri altındadırlar. Hətta Almaniya və Yaponiya belə tam müstəqil deyil. Ukraynanın da bu yolu getməsi mümkündür”.
Ekspert əlavə edib ki, Ukrayna özü də çox zəngin ölkədir, yəni nefti, qazı, torpaqları var:
“Dünyada bu qədər məhsuldar torpağa malik cəmi bir neçə ölkə var ki, onlardan biri də Ukraynadır. Tarixən də bu torpaqlar uğrunda mübarizə olub. Məsələn, nasist Almaniyası da vaxtilə bu torpaqları ələ keçirməyə can atıb. Əgər yalnız Krımı geri almaq mümkün olsa, bu, Ukrayna üçün tam uğur hesab edilə bilməz.
Reallıq odur ki, müharibədə Rusiya itkilərə baxmayaraq torpaq əldə edib və bu faktı dəyişmək çətindir.
Amma ən çox qazanan tərəf ABŞ-dir.
ABŞ Ukrayna ərazisində, onun təbii sərvətləri üzərində siyasi və iqtisadi üstünlük əldə edib.
Gedişat onu göstərir ki, ABŞ bu regionda daha güclü mövqe tutacaq. Əlbəttə, bu, Rusiya üçün də tam qələbə deyil. Onlar qısa müddətə Ukraynanı almaq istəyirdilər, amma bu, baş vermədi. Bu da Rusiya ordusunun ciddi zəifliklərini ortaya çıxardı. Yəqin ki, Rusiya bu nəticələrdən dərs çıxarıb ordusunu gücləndirməyə çalışacaq.
Ukrayna ordusu isə bu gün Avropanın ən güclü ordularından biri hesab oluna bilər. Amma torpaqları əldən getdi və itkilər oldu. Artıq bu reallığı dəyişmək çətindir”, – ekspert fikirlərini tamamlayıb.












