Yeni qayda: Yalnız yerli SIM-kartlardan istifadə ediləcək

Yeni qayda: Yalnız yerli SIM-kartlardan istifadə ediləcək

Rusiya mobil rabitə sektorunda 2026-cı ildən etibarən ciddi dəyişikliklərə start verir.

NOCOMMENT.az xəbər verir ki, məlumatı “Kommersant” nəşri yayıb.

Yeni hazırlanan hökumət layihəsinə əsasən, gələn ilin sentyabrından ölkədə fəaliyyət göstərən mobil operatorlar xaricdə istehsal olunan SIM-kartları satın ala bilməyəcək və tam şəkildə yerli istehsala keçməyə məcbur ediləcək.

Bununla belə, hansı texniki və istehsal kriteriyalarına əsasən SIM-kartın “yerli məhsul” hesab ediləcəyi hələlik açıqlanmayıb.

Hazırda Rusiya bazarında SIM-kart istehsalı üçün istifadə olunan komponentlərin əksəriyyəti xaricdən gətirilir. Rusiya istehsalı olan çiplər daha bahalı olduğuna görə mobil operatorlar indiyədək tam yerli məhsula keçməyə maraqlı deyildilər. Yeni qayda bu məcburiyyəti hüquqi müstəviyə daşıyır.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bildirir ki, qərarın məqsədi daxili istehsalı gücləndirmək və milli təhlükəsizliyi möhkəmləndirməkdir:

“Əmr qəbul olunduğu halda yerli istehsalçılar üçün milli identifikasiya modullarının hazırlanması və buraxılması üçün zəruri şərait formalaşacaq”.

Yeni tələbin həm rabitə sahəsində xarici asılılığın azaldılmasına, həm də müdafiə və təhlükəsizlik istiqamətində yerli texnologiyaların payının artırılmasına xidmət etdiyi qeyd olunur.

Operatorlar üçün isə bu dəyişiklik əlavə xərclər və texniki adaptasiya prosesləri demək olacaq.