Yermak vəzifədən getdi – Nələr olacaq?

Yermak vəzifədən getdi – Nələr olacaq?

Andrey Yermakın istefası Ukrayna daxilində və beynəlxalq mediada ciddi rezonans doğurub. 2020-ci ildən Prezident Zelenski administrasiyasında mühüm vəzifədə çalışan Yermak Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkənin müdafiəsi üçün strateji addımlar atmış, dövlətin diplomatik və hərbi maraqlarını qorumağa çalışmışdı. Buna baxmayaraq, onun vəzifədən getməsi bir sıra daxili və xarici faktorlarla əlaqələndirilir.

Yermakın istefasının əsas səbəbləri arasında korrupsiya iddiaları, son dövrlərdə evində aparılan axtarışlar və Prezident administrasiyasındakı daxili siyasi balansın dəyişməsi dayanır. Eyni zamanda, ABŞ tərəfindən hazırlanmış 28 bəndlik sülh planı və Avropa İttifaqının 24 bəndlik alternativ təşəbbüsü fonunda onun istefası diplomatik və hərbi planlamada suallar yaradıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Andrey Yermakın istefası kifayət qədər ciddi məsələlərdən biridir.

“Xüsusilə onun istefasının indiki vaxtlara təsadüf etməsi müəyyən müzakirələrə yol açıb və açmağa da davam edəcək. Çünki o, 2020-ci ilin əvvəllərində bu vəzifəyə təyin olunmuşdu. Onun vəzifəyə təyinatından iki il sonra ağır bir savaş, yəni Rusiya-Ukrayna müharibəsinin başlamasına baxmayaraq, Yermak bu günə qədər vəzifəsinin başında kifayət qədər qətiyyətlə dayanmışdı. Ölkəsinin müdafiəsi üçün əlindən gələni etmişdi.

Amma indiki vəziyyətdə Trampın 28 bəndlik sülh planı hazırlanması, eləcə də buna qarşı Avropa İttifaqının 24 bəndlik sülh planını təqdim etməsi ilə bağlı Yermakın bu cür addım atması, sözsüz ki, cəbhədə Ukrayna tərəfdə ruh düşkünlüyü yarada bilər. Rusiya tərəfdən isə əksinə, ruh yüksəkliyi yaranacaq.

Çünki bir ölkənin prezident aparatının rəhbəri istefa verirsə, demək, Ukraynanın bu savaşda məğlubiyyətinin getdikcə rəsmiləşməsi anlamına gəlir. Bununla bağlı Ukraynada yüksək rütbəli məmurların istefa verməsi təsadüfi deyil; onlar artıq müharibənin sonunda ödənilə biləcək bədəndən yayınmağa çalışırlar”.

Abbaslı qeyd edib ki, sözsüz ki, Yermakın istefasında onun korrupsiya əməllərinə yol verdiyi barədə yeni iddialar da yer alır:

“Hətta onun evində axtarış aparılıb, bu da onun nüfuzunun sarsıldığını göstərən məlumat kimi təqdim olunub. Amma düşünürəm ki, bu imitas ola bilər. Çünki evində axtarış aparılıb, amma onun korrupsiya əməllərinə yol verdiyi barədə konkret ittiham irəli sürülməyib. Hesab edirəm ki, Yermak “mən cəbhəyə gedirəm” deməklə sadəcə özünü təmiz çıxarmağa çalışır və buna da tam nail ola bilməyəcək.

Lap Zelenski çıxıb onu müdafiə etsə belə, dünyada həm Ukrayna daxilində, həm də Rusiya tərəfindən belə fikir formalaşacaq ki, Yermak artıq müharibənin başa çatdığını görür və gələcəkdə yaranacaq vəziyyətdən qorunmaq üçün belə bir addım atır”.