Türkiyə Cümhuriyyətinin qurucusu, Türk dünyasının böyük öndəri Qazi Mustafa Kamal Atatürkün misilsiz ifadələrindən biri də budur: “Vətənini ən çox sevən vəzifəsini ən yaxşı həyata keçirəndir”.
Təəssüf ki, ölkəmizdə Atatürkün bu sözlərinə layiq olan dövlət qurumları və məmurları çox deyil. Bunun bariz nümunəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin timsalında da görmək olar.
Bu günlərdə Astarada toyda baş verən faciəli hadisə bir daha nəzərləri bu komitənin fəaliyyətinə yönəltdi. Toyda halı fənalaşan, 29 həftəlik hamilə olan 17 yaşlı gəlinin həyatını xilas etmək mümkün olmadı.
Ölkəmizdə nikah yaşı ümumi olaraq 18 yaş müəyyən edilsə də, bəzi hallarda nikah yaşı məhkəmə qərarı ilə və ya qadının hamilə olması halında dəyişdirilə (azaldıla) bilər. Odur ki, sual yaranır: görəsən, məhkəmə Astaradakı gənc qızın nikahına icazə vermişdimi? Əlbəttə, bütün dünyada olduğu kimi bizim ölkədə də sevgi azaddır.
Amma, gənc Əfsananin erkən nikahın qurbanı olduğu açıq-aşkar ortadadır. Bunun mənəvi məsuliyyəti talesiz qızın valideynlərinin, onun əri olmağa hazırlaşan gənclə yanaşı, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşür.
Bu məqamda istər-istəməz məşhur “O olmasın, bu olsun” filmində Mirzə Cəlilin personajının “Nə qədər yazırıqsa, dünya düzəlmir ki, düzəlmir” fikri yada düşür.
Sanki qabaqcıl informasiya texnologiyalarının hökm sürdüyü XXI əsrdə deyil, savadsızlığın, mövhumatın, cahilliyin mövcud olduğu XX əsrin əvvəllərində yaşayırıq.
Halbuki, ölkəmizdə məhz ailə, qadın və uşaq Problemləri ilə İŞ üzrə Dövlət Komitəsi mövcuddur. 14 yanvar 1998-ci il tarixində yaradılan, sonradan səlahiyyətləri daha da genişləndirilən komitə bu sahədə kifayət qədər vəzifə və hüquq sahibinə çevrilib.
Üstəlik, dövlətimiz ailələr, qadınlar və uşaqlar arasında genişmiqyaslı iş aparmaq, bütün neqativ halların qarşısının alınması üçün bu Komitəyə büdcədən kifayət qədər pul vəsaiti ayırır.
Gələn ilin büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 7,4 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bu vəsait məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo-pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin qurumun uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması, eləcə də bir sıra dövlət proqramlarının icrasının təmin edilməsi xərcləri üçün ayrılıb.
Amma komitənin bu sahədə fəaliyyətini hiss edən varmı? Vaxtilə Əli Həsənovun rəhbərliyi altında Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışan, eləcə də YAP-da müxtəlif vəzifələrdə, o cümlədən Qadınlar Şurasının sədr müavini, uzun illər Milli Məclisin deputatı, sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, özünü təcrübəli siyasi xadim hesab edən Bahar Muradovanın bu komitənin sədrliyinə gətirilməsindən 5 il keçir. Amma bu sahədə köklü dəyişikliklər baş vermir.
İndi komitəyə bənzər hadisələrin nədən qarşısının alınmadığı barədə sorğu göndərilsə, təbii ki, sualların onların ünvanına deyil, hüquq-mühafizə, təhsil orqanlarına ünvanlanmasını tövsiyə edəcəklər. Sonra da indiyədək keçirdikləri “Açıq qapı” günlərindən, Bahar Muradovanın YAP rayon təşkilatlarının inzibati binalarında vətəndaşları qəbul etməsindən, “Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi”, “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi, “Konstitusiya və Suverenlik İli” çərşivəsində Azərbaycanda milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibəti ilə jurnalistlər arasında müsabiqə, yenə də jurnalistlər arasında “Azərbaycanın işıqlı qadınları: ilhamverən hekayələr” adlı videosüjet müsabiqəsi elan olunmasından, Uşaq Səfirlər Məclisindən, “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulundan, “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimindən, “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş “Arzulara qanad verək” adlı qanvermə aksiyasından, 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları Aylığı çərçivəsində Bakının Xəzər rayonu, Goranboy, Göygöl, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında maarifləndirici görüşlər keçirilməsindən danışmağa üstünlük verəcəklər.
Yeri gəlmişkən, Bahar Muradovanın sözlərinə görə, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə komitənin artıq 5 ildir icra etdiyi “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində cəmi 238 gənc qız bu proqramdan yararlanıb. Bu, çox kiçik rəqəmdir. Əslində 5 il ərzində minlərlə qızı bu layihəyə cəlb etmək olardı.
Bundan başqa gələcəyimiz olan uşaqların doğumunun azalması və qeydiyyata alınmayan uşaqların çoxalması cəmiyyəti narahat edən problemlərdən biridir. Artıq neçə ildir kütləvi informasiya vasitələri bununla əlaqədar SOS çağırışı ilə ictimaiyyətə müraciət edirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olub. Cari ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9,0-a düşmüşdür. Komitənin bu problemlə əlaqədar “həyəcan təbili” çaldığını kimsə duyubmu?
Gün kimi aydındır ki, xalqın içində, xüsusilə də paytaxtdan uzaq yerlərdə maarifçilik işinin aparılmasına çox böyük ehtiyac var. Odur ki, komitə rəhbərliyi və əməkdaşları digər müvafiq qurumlarla bərabər kabinetlərindən çıxıb, xalqın içinə getməlidir. YAP-ın yerli qərargahlarında insanları qəbul etmək lazım deyil. Hər bir evə daxil olmaq, problemlərə birbaşa şahid olmaq lazımdır. Komitə rəhbəri və əməkdaşları həm paytaxtda, həm də bütün ölkə boyu PROBLEMli ailələrin, qadınların, uşaqların siyahısını dəqiqləşdirməlidir. Bu komitə digər müvafiq qurumlarla birlikdə elə koordinasiyalı şəkildə problemlərin üzərinə getməlidir ki, gözəl milli-mənəvi dəyərlərə, mənəviyyata malik xalqımız fəlakətlərdən tamamilə qurtulsun.
Əgər bu işi XX əsrdə maarifçi babalarımız yerinə yetirməyə müvəffəq olurdularsa, indi bunu etmək, işlək mexanizm və sistem qurmaq daha asandır. O zaman cəmiyyətimizdə Əfsanə faciəsi də yaşanmaz.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin indiki rəhbərliyi bu işin öhdəsindən gəlmirsə, kürsüsünü vəzifəsini ən yaxşı həyata keçirən məmur üçün tərk etməlidir. Çünki, Atatürk demişkən, Vətəni sevmək bundan keçir.
Xatirə SADİQ













