Ermənistana təzminat ödətdirə BİLƏCƏYİKMİ…backend

Ermənistana təzminat ödətdirə BİLƏCƏYİKMİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, 1988-ci ildən indiyədək Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş cinayətlərin vurduğu ziyanın məbləği açıqlanıb. Rəsmi məlumatda bildirilib ki, Azərbaycan ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun) Ermənistan tərəfindən işğalı nəticəsində 16,2 milyard manat məbləğində ziyan dəyib.

Dəyən ziyan Qarabağda və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində qeydə alınıb. Bundan əlavə, brifinqdə diqqətə çatdırılıb ki, 6 şirkət işğal olunmuş ərazilərdə qanunsuz təsərrüfat fəaliyyəti həyata keçirərək Azərbaycana 306,8 milyon manat məbləğində ziyan vurub. Həmçinin qeyd olunub ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən 19 nəfər axtarışa verilib, habelə işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı 166 hüquqi şəxs barəsində 35 ölkəyə hüquqi müraciətlər göndərilib.

Maraqlıdır, beynəlxalq hüquq bu məsələ ilə bağlı Azərbaycana hansı imkanlar tanıyır? Biz bu təzminatı Ermənistana necə ödətdirəcəyik?

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev vurğulayıb ki, beynəlxalq hüquq sistemində adı çəkilən ən ağır cinayətlər ermənilər tərəfindən məhz Azərbaycana qarşı törədilib: “Soyqırımı, terror aktları, sülhə, bəşəriyyətə qarşı cinayətlər, Azərbaycan xalqına aid mədəni abidələrə vandalizm, mülki əhalinin, obyektlərin hədəf alınması və s. ermənilərin “əl işi”dir. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Ermənistanın birincisi, dövlət kimi məsuliyyətə cəlb olunması, daha sonra həmin dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin hərbi cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur.

Azərbaycan bütün mexanizmlərdən istifadə edə bilər və etməlidir. Artıq Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistanın Azərbaycana vurduğu ziyana dair təzminat ödəməsi məsələsi qaldırılıb. İrqi ayrıseçkilik kontekstində Azərbaycan Ermənistanı məhkəməyə verib. Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanla bağlı bəzi qərarlar qəbul edir. Bu çox yaxşı başlanğıcdır, Ermənistanın təcavüzkar ölkə kimi məsuliyyətə cəlb olunması baxımından müsbət təcrübədir”.

Deputat onu da bildirib ki, erməni təcavüzünə məruz qalan vətəndaşlarımızın fərdi şəkildə insan hüquqları məhkəmələrinə müraciət etməsi də mümkündür: “Azərbaycanda Çıraqov qardaşları praktikası var. Bu çox yaxşı nümunədir. Bir milyona yaxın insan erməni təcavüzünə məruz qalıb. Onlar Ermənistanı müxtəlif aspektlərdə məhkəməyə verə və təzminat tələb edə bilərlər. Ən önəmlisi İkinci Dünya müharibəsində Nürnberq tribunalı təşkil edilib. Tarixdə ilk dəfə beynəlxalq cinayət törədən ölkə və ona rəhbərlik edən şəxslər məhkəmə qarşısına çıxarılıb. Onlar hərbi məsuliyyətə cəlb edilib. Bundan sonra bu praktika inkişaf etdirilməyə başlanıb.

Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, Qarabağda quldur dəstələrinə rəhbərlik etmiş Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan kimi şəxsləri fərdi məsuliyyət prinsipi əsasında beynəlxalq cinayət mexanizminə uyğun şəkildə məhkəməyə cəlb edərək, onların cinayətlərinə görə cəzalandırılmasını təmin etmək olar.

Azərbaycana yüz milyardlarla həcmdə ziyan dəyib. Gələcəkdə Ermənistan təcavüzkar siyasət yürüdən ölkə kimi təsdiqlənəndən sonra beynəlxalq hüquqda qeyd edilən kompensasiyalar – reparasiyaların ödənilməsi önəmlidir. Çünki bu, beynəlxalq cinayət hüququnda nasist Almaniyası ziyan vurduğu dövlətlərə kompensasiyalar ödəyirdi. Belə kontekstlər çoxdur”.

1990-cı illərin əvvəllərində Yuqoslaviyada, Ruandada beynəlxalq cinayətlərin törədildiyini xatırladan Tural Gəncəliyev bildirib ki, onda BMT-nin Təhlükəsizlik Şurası bu bölgələrdə baş vermiş cinayətlərə görə xüsusi tribunallar yaratmışdı və bu, hərbi cinayət tribunalları idi: “Biz tələb edirik ki, beynəlxalq ictimaiyyət hərəkətə keçsin, Ermənistanın Azərbaycana qarşı təcavüzü, törətdiyi hərbi cinayətlərlə əlaqədar xüsusi tribunallar yaradılsın, rəsmi İrəvan və onun vaxtilə bu cinayətlərə imza atan rəhbərliyi məsuliyyətə cəlb edilsin.

Biz tək 30 il ərzində, Birinci və İkinci Qarabağ müharibələrində erməni təcavüzündən əziyyət çəkməmişik. Hələ də bu təcavüz davam edir. Məsələn, ermənilərin basdırdığı minaların xəritəsi verilmir, hətta sərhədlərimizi pozaraq, minalar basdırmaqda davam edirlər. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan bu yana 250-dən çox insan minalara düşüb, şəhid olub, yaxud yaralanıb. Mina təhlükəsi, mülki şəxslərin bu cür təhdid altında qoyulmasına görə iş qaldırmaq olar.

Biz 30 ilə yaxındır öz torpaqlarımıza, evlərimizə qayıda bilmirdik. İndi torpaqlarımızı işğaldan azad etmişik, amma mülki-mənəvi ziyan dəyib. Fərdi şəkildə hər kəs bununla bağlı Avropa İnsan hüquqları məhkəməsinə müraciət edə bilər.

Bu sahədə dünyada ən tanınmış, ixtisaslaşmış Beynəlxalq Cinayət Məhkəməsi var. Məhkəmənin nizamnaməsi 2002-ci ildə qəbul edilib və qüvvəyə minib. Bu məhkəmə yalnız həmin tarixdən sonra baş verən hadisələrə baxır. Məsələn, Xocalı soyqırımı ilə bağlı prosesin təəssüf ki, beynəlxalq cinayət məhkəməsinə çıxarılması mümkün deyil.

Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyət ədalətli olsa, beynəlxalq hüquq sisteminə uyğun yanaşsa, BMT Təhlükəsizlik Şurası tərəfindən xüsusi qətnamə qəbul edilib, xüsusi tribunal yaradılıb, bu məsələyə baxılardı”.