Ermənistanda keçiriləcək seçkilər yaxınlaşdıqca revanşist qüvvələrin və xarici güclərin ölkədəki proksilərinin Azərbaycana qarşı ritorikanı kəskinləşdirməsi, bölgədəki kövrək sülh prosesini hədəfə alması növbəti dəfə özünü büruzə verir. Rusiyayönlü “Güclü Ermənistan” blokunun baş nazirliyə namizədi, Rusiya əsilli oliqarx-milyarder Samvel Karapetyanın ev dustaqlığında ola-ola verdiyi son bəyanatlar da məhz bu ssenarinin tərkib hissəsidir. Onun hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edəcəkləri barədə vədləri, eləcə də guya 300 min azərbaycanlının Ermənistanı bu yolla "işğal etməyə hazırlaşdığı" barədə uydurmaları daxili auditoriyanın qorxularından manipulyasiya etmək cəhdidir. Bu cür əsassız iddialar təbii ki, iki ölkə arasında nifrət mühitini canlı tutmağa və Ermənistan cəmiyyətindəki ksenofobik hissləri alovlandırmağa xidmət edir. Nikol Paşinyanın da bir müddətdir bəyan etdiyi kimi, bu tipli radikal qüvvələrin rəhbərliyə gəlməsi regionu yeni bir müharibə alovunun içinə ata bilər. Lakin Kremlin "desantı" rolunda çıxış edən Karapetyanın bu yalanlarının və vədlərinin real müharibə qorxusunu yaşayan sıravi erməni seçicisini nə dərəcədə inandıracağı, onun bu anti-Azərbaycan kartı ilə erməni xalqının "saqqızını oğurlayıb-oğurlaya bilməyəcəyi" ciddi suallar doğurur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Samvel Karapetyanın dilindən səslənən bu fikirlər Ermənistandakı revanşist qüvvələrin və onların arxasındakı xarici dairələrin növbəti uğursuz siyasi manipulyasiyasıdır: "Ermənistanda baş nazir postuna iddialı olan, lakin hazırda ev dustaqlığında saxlanılan bu rusiyalı oliqarxın iddiaları heç bir hüquqi, məntiqi və real əsasa malik deyil. Guya 300 min azərbaycanlının Ermənistanda ev və torpaq alaraq gizli işğal planı qurduğunu demək sadəcə xəstə təxəyyülün məhsuludur. Karapetyan və rəhbərlik etdiyi Rusiya meyilli blok yaxşı anlayır ki, erməni cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı müəyyən narazılıqlar olsa da, xalq yenidən Rusiyanın birbaşa təsiri altına girməkdən və ən əsası, yeni bir dağıdıcı müharibəyə cəlb olunmaqdan çəkinir. Ona görə də daxili auditoriyada süni şəkildə 'Azərbaycan təhlükəsi' və 'etnik təhdid' xofunu yaratmağa, seçicilərin qorxu hisslərini istismar edərək xal qazanmağa çalışırlar. Bu, birbaşa sülh prosesini baltalamaq və regionu yenidən xaosa sürükləmək cəhdidir".
Onun sözlərinə görə, erməni seçicisinin bu növ ucuz bəyanatlara və Kreml ssenarilərinə aldanmaq ehtimalı olduqca aşağıdır: "Müasir Ermənistan cəmiyyəti keçmiş Qarabağ klanının və ya Rusiyadan idarə olunan oliqarxik sistemin onlara nə vəd etdiyini yaxşı bilir – bu vədlərin sonu fəlakət, iqtisadi asılılıq və yeni itkilərdir. Paşinyanın uzun müddətdir bu qüvvələrin hakimiyyətə gəlişinin qaçılmaz müharibə demək olduğu barədə xəbərdarlıqları erməni xalqı tərəfindən daha real qəbul edilir. Çünki sıravi erməni vətəndaşı Karapetyanın uydurduğu '300 min azərbaycanlı gəlir' yalanına deyil, öz sərhədində və iqtisadiyyatında sabitliyin olub-olmamasına baxır. Kremlin 'desantı' olan bir oliqarxın bu gün ortaya atdığı qadağa və vədlər erməni seçicilərin saqqızını oğurlamağa yetməyəcək. Ermənistan xalqı dərk edir ki, Azərbaycanla düşmənçiliyin davam etdirilməsi ölkələrinin tamamilə süqutuna yol aça bilər və bu səbəbdən seçkidə revanşist bəyanatlara deyil, praqmatik addımlara üstünlük verilməsi ehtimalı daha böyükdür".
Tunar,












