Slovakiyanın Baş naziri Robert Fiso Avropa İttifaqının Rusiyaya qarşı yürütdüyü strategiyanı sərt tənqid edərək, Qərbin Moskvanı zəiflətmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirib. Baş nazir Slovakiyanın dövlət televiziyasına verdiyi açıqlamada rus xalqının əyilməzliyi barədə məşhur bir deyimi xatırladaraq, Aİ-nin sülh təşəbbüslərindən uzaqlaşdığını qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, Fiso Avropa İttifaqının hələ də Ukraynaya hərbi dəstək verməklə Rusiyanı çökdürmək xülyasına qapıldığını vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma hər hansı müsbət nəticə vermir:
“Problem bundadır ki, hazırda vahid bir strategiya var: ‘Gəlin Rusiyanı diz çökdürək’. Mən hesab edirəm ki, bu, pis və işləməyən bir strategiyadır. Ruslar bu barədə çox düzgün deyirlər: ‘Biz diz çökmüşüksə, bu, yalnız ayaqqabımızın bağını bağladığımız üçündür’.”
Slovakiya lideri Aİ-ni münaqişənin həlli üçün real sülh planları təklif etməməkdə ittiham edib. Fisonun fikrincə, Brüsselin Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək cəhdləri qitənin öz təhlükəsizliyini və iqtisadi sabitliyini riskə atır. O, sanksiyaların və silah tədarükünün müharibəni dayandırmadığını, əksinə, gərginliyi daha da artırdığını müdafiə edib.
Analitiklər Fisonun bu bəyanatını Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyi ilə eyniləşdirirlər. Hər iki lider Aİ-nin Ukrayna siyasətinə qarşı çıxaraq, Moskva ilə dialoqun bərpasını tələb edir. Bu bəyanatlar Slovakiya daxilində və müttəfiqlər arasında birmənalı qarşılanmayıb, müxalifət isə Fisonun bu çıxışını “Slovakiyanın xarici siyasətini Kremldən alınan şparqalkalarla idarə etmək” kimi xarakterizə edib.
Fisonun çıxışı göstərir ki, Ukraynadakı müharibənin uzanması Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarını daha da dərinləşdirir və bəzi üzv ölkələrin Moskvaya qarşı vahid mövqedən uzaqlaşmasına səbəb olur.
Sara,
NOCOMMENT.az









