Gəncədəki fəvvarələr niyə işləmir? – FOTObackend

Gəncədəki fəvvarələr niyə işləmir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il avqust ayının 23-də Bizim.Media saytında dərc olunan “Gəncənin məşhur MUSİQİLİ FƏVVARƏSİ niyə susdurulub? – Şəhərdə 26 su çiləyənin heç biri işləmir – Səbəb” başlıqlı yazıda Azərbaycanın ikinci böyük şəhərində Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 26 fəvvarədən heç birinin işləmədiyi və bununla bağlı əhalinin haqlı narazılığı barədə məlumat verilib.

Həmin dövrdə problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən sözügedən mətbu orqana bildirmişdilər ki, bu fəvvarələrin hamısında monitorinq aparılıb və məlum olub ki, son 10-15 ildə Gəncə şəhərində qurulan fəvvarələrə vaxtında texniki qulluğun aparılmaması, bəzisində isə kanalizasiya xəttinə çıxışın olmaması illər keçdikcə bu qurğuların mühərrikləri və digər hissələrində nasazlığa gətirib çıxarıb.

Bəs hazırda vəziyyət necədir?

İki il öncə bütün fəvvarələrin təmir olunacağını və 2023-cü ilin yayında təhvil veriləcəyini bildirən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırda hələ də işlərin davam etdiyini söyləyir.

Birliyin rəis müavini İlqar Əsədovun verdiyi məlumata görə, fəvvarələrdə təmir işlərinin aparılması üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tender elan olunub. Tenderin qalibi tərəfindən, hal-hazırda təmir işlərinin aparılması davam etdirilir:

“Gəncənin Heydər Əliyev Meydanındakı 2 ədəd fəvvarədə, eyni zamanda, şəhərimizin ən gözəl yerlərindən olan “Xan bağı”nda olan 2 ədəd fəvvarənin əsaslı təmiri aparılacaq. Eyni zamanda, Cavadxan küçəsində yerləşən digər 2 fəvvarənin isə təmir işləri hazırda davam etdirilir”, – deyə İ. Əsədov bildirib.

Rəis müavini əlavə edib ki, “Xan bağı” və Cavad xan küçəsində olan fəvvarələrin bu ilin aprel-may, şəhərin baş meydanında olan iki böyük fəvvarənin isə iyul-avqust aylarına təhvil verilməsi planlaşdırılır. Sonrakı mərhələdə şəhərin parklarında və meydanlarında yerləşən, təmirə ehtiyacı olan digər fəvvarələrin də yenidən qurulması nəzərdə tutulub.