Vaşinqton və Tehran arasında sülh memorandumunun imzalanması ərəfəsində Ağ Evdən beynəlxalq diplomatiyanın gedişatını tamamilə dəyişəcək daha bir kritik etiraf gəlib. ABŞ tərəfi artıq İran hakimiyyəti ilə pərdəarxası vasitəçilər olmadan, birbaşa təmasa keçdiyini rəsmən təsdiqləyib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens (JD Vance) yerli mətbuata verdiyi açıqlamasında bildirib. Vitse-prezident iki ölkə arasındakı diplomatik əlaqələrin artıq tamamilə yeni və açıq müstəviyə keçdiyini vurğulayıb:
"Biz indi İran sistemi ilə birbaşa ünsiyyət qururuq. Orada yaxşı əlaqələrimiz formalaşıb. Artıq mesajlarımızı qeyri-rəsmi kanallar və ya üçüncü tərəflər vasitəsilə ötürmürük; biz onlarla həqiqətən, birbaşa masada danışırıq".
Ağ Ev rəsmisinin sözlərinə görə, vasitəçilərin aradan qaldırılması sülh və təhlükəsizlik müzakirələrinin sürətlənməsinə birbaşa təsir göstərəcək. Vens birbaşa dialoqun əhəmiyyətini qeyd edərək əlavə edib:
"Onlarla üz-üzə danışanda nəyin real, nəyin saxta olduğunu, onlar üçün nəyin ciddi, nəyin isə əhəmiyyətsiz olduğunu daha dəqiq anlayırsınız".
Siyasi analitiklər hesab edirlər ki, Vensin bu bəyanatı Yaxın Şərqdəki gərginliyi azaltmağa yönəlmiş sazişin növbəti saatlarda imzalanma ehtimalını daha da gücləndirir. Eyni zamanda bu addım, uzun illərdir davam edən gizli diplomatiya dövrünün bitdiyini və tərəflərin bir-birlərinə qarşı daha qətiyyətli şərtlər qoyduğunu nümayiş etdirir.
Sara,
NOCOMMENT.az











