Xarkovda Rusiyanın hava zərbəsi nəticəsində faciəvi şəkildə həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən azərbaycanlı jurnalist Mübariz Aslanov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirib.
Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi olan Fatimə Hüseynova diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova yollanmışdı.
Məlumata görə, o, tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət mantiyasında xatirə şəkli çəkdirərkən hava zərbəsinə tuş gəlib və hadisə yerində həlak olub. Hücum nəticəsində daha 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir./Musavat.com/











