Ölkənin rəqəmsal mühitində növbəti dəfə klassik ssenari üzrə qurulan fırıldaqçılıq dalğası baş qaldırıb və görünən odur ki, vətəndaşların itirilmiş pulları üzərindən qazanc əldə etmək istəyən şəbəkələr sürətlə yer dəyişirlər.
Cəmi bir neçə gün əvvəl "Any Unboxing" adlı maliyyə piramidasının çöküşü ilə minlərlə aldadılmış insanın vəsaitinin buxarlanması və zərərçəkənlərin hüquq-mühafizə orqanlarının qapısında çarə axtarması cəmiyyət üçün ciddi dərs olmalı idi. Lakin rəqəmsal bazarda yaranan boşluğu doldurmaq və növbəti qurban ovuna çıxmaq üçün dərhal "NexBirlik" adlı yeni bir oyunçu dövriyyəyə buraxılıb. Özlərini "yeni nəsil sosial ticarət ekosistemi" kimi təqdim edən bu qurum, əslində insanları "birlikdə qazan — birlikdə xərclə" şüarları və 60-70 faizlik qeyri-real endirimlərlə şirnikləndirən növbəti Ponzi sxemindən başqa bir şey deyil.
İqtisadiyyatın fundamental qanunlarına zidd olaraq heç bir real distribütorun malı davamlı şəkildə dəyərindən üçdə bir qiymətə satıb üstəlik nağd pul paylaması qeyri-mümkündür.
Rəsmi WHOIS qeydlərinə görə, "nexbirlik.com" domeninin cəmi bir il əvvəl qeydiyyatdan keçməsi və sahibinin kimliyini "Domains By Proxy" vasitəsilə gizlətməsi, sabah sistem çökəndə izlərin itiriləcəyindən xəbər verir. VÖEN maskası arxasında gizlənən bu şəbəkədə maliyyə əməliyyatlarının manatla deyil, məhz TRC20 şəbəkəsi üzərindən anonim Tether (USDT) kriptovalyutası ilə aparılması, ödənişlərin ofşor mənşəli "tradexaglobal.com" şlüzlərinə yönləndirilməsi və 50 dollarlıq hazır WordPress şablonundan istifadə olunması hər şeyin saxta qurulduğunu açıq göstərir. Əsas hədəf olaraq evdar xanımların və maliyyə savadsızlığı olan şəxslərin seçilməsi, yalnız dəvət kodu ilə daxilolma mexanizmi və sorğulara cavab verilməməsi bu piramidanın da qaçılmaz sonunun yaxın olduğunu təsdiqləyir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, vətəndaşların bu cür şübhəli rəqəmsal platformalara yönəlməsi və kriptovalyuta ilə investisiya yatırması hüquqi müstəvidə onların vəsaitlərinin qorunmasını demək olar ki, qeyri-mümkün edir: "İnsanlar hələ də başa düşməlidirlər ki, formal olaraq VÖEN açmaq və ya hər hansı bir MMC qeydiyyatdan keçirmək heç bir şirkətə leqal və təhlükəsiz fəaliyyət qarantiyası vermir. 'Any Unboxing' işində də gördük ki, rəsmi qeydiyyatı olan qurumlar belə əslində vətəndaşları aldatmaq üçün sadəcə pərdə rolunu oynayır. Qanuni yerli ticarət subyekti heç vaxt ödənişləri dövriyyədən kənar, tamamilə izlənilməsi qeyri-mümkün olan kriptovalyuta cüzdanları və ofşor şlüzlər vasitəsilə qəbul etməz. Vətəndaşlar qanunsuz olaraq qurulmuş bu cür piramidalara pul köçürərkən əslində öz əlləri ilə hüquqlarını itirirlər, çünki sistem dağılanda həmin vəsaitləri məhkəmə qaydasında geri almaq praktiki olaraq mümkünsüzdür".
Onun sözlərinə görə, bu cür şəbəkələrin qurbanına çevrilməmək üçün cəmiyyətdə maliyyə maarifləndirməsi gücləndirilməli və vətəndaşlar asan qazanc vədlərinə inanmamalıdırlar: "Azərbaycan qanunvericiliyinə görə maliyyə piramidalarının təşkili və idarə olunması birbaşa cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanları tərəfindən sərt şəkildə təqib edilir. 'NexBirlik' kimi platformaların arxasında dayanan şəxslər əvvəlcədən məsuliyyətdən yayınmaq üçün hər cür texniki baryerlər qururlar, lakin hüquq-mühafizə strukturları bu kimi kiberfırıldaqçılıq hallarına qarşı nəzarəti gücləndirib. Vətəndaşlarımızdan xahiş edirik ki, sosial şəbəkələrdə guya evdən çıxmadan minlərlə manat qazanmaq vəd edən tanınmamış layihələrə və dəvət kodlarına aldanmasınlar, çünki reallıqda qazanılan deyil, yalnız itirilən pullar gerçək olur".
Sara,
NOCOMMENT.az











