ABŞ və İran nümayəndə heyətləri arasında İslamabadda keçirilməsi planlaşdırılan ikinci görüşün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davam etdiyini göstərir. İranın ABŞ-la əvvəlcədən razılaşdırılan danışıqlardan imtina etməsi tərəfləri gərginliklə müşahidə olunan gözləmə mövqeyinə keçirib.
Əgər İslamabadda iki dövlət arasında razılaşma əldə olunacağı ehtimalı yüksək olsaydı, ABŞ-ın vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenə İslamabada gedəcəkdi. Ancaq İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan yenidən İslamabada getməyə həvəsli görünmür. Bu imtinanın əsas səbəbi ABŞ-ın Hörmüz boğazının mühasirəsinə son qoymamasıdır. Tehranın tələbi qətidir: ABŞ mühasirəni sona çatdırdıqdan sonra İran tankerlərin Hörmüz boğazından istifadəsinə şərait yaradacaq. Vaşinqton bu istiqamətdə geri addım atmadığı üçün Tehran görüşdən imtina edib. ABŞ Prezidenti Donald Tramp isə hesab edir ki, boğaz ətrafında mühasirəni saxlamaqla bərabər İslamabadda danışıqlar aparmaq mümkündür, lakin Tehran bu şərtlərlə masaya oturmaq istəmir.

Elxan Şahinoğlu
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Pakistan rəsmiləri danışıqların baş tutmamasında Vaşinqtonu məsuliyyətli görürlər: “İslamabadda hesab edirlər ki, danışıqların iflası birbaşa ABŞ-ın Hörmüz blokadasını davam etdirməsi ilə bağlıdır. Bu məsələdə Donald Trampın mövqeyində hələ ki, heç bir dəyişiklik yoxdur. Ağ Ev sahibi sadəcə atəşkəsi uzatdığını bildirməklə kifayətlənib”. Onun sözlərinə görə, Pakistan hökuməti diplomatik həll yoluna sadiq qalaraq vasitəçilik səylərini davam etdirir: “Pakistanın informasiya naziri İranın danışıqların ikinci mərhələsinə qatılması üçün intensiv diplomatik iş aparıldığını və Tehranın qısa müddətdə qərar verməsinin vacibliyini vurğulayıb. Çünki müzakirələrin olmaması bölgədə müharibə riskini ciddi şəkildə artırır”.
Politoloq həmçinin vurğulayıb ki, mövcud vəziyyət Körfəz ölkələrini böyük təşvişə salıb: “Yenidən müharibə başlayarsa, İranın raket və dronları bu ölkələri hədəf alacaq. Bunu İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvinin hədə dolu açıqlaması da təsdiq edir”. Onun sözlərinə görə, İran generalı açıq şəkildə bildirib ki, əgər cənub qonşularının coğrafiyası İran xalqına qarşı təcavüz üçün istifadə olunarsa, həmin ölkələr regionda neft hasilatına əlvida deməli olacaqlar: “Bu, o deməkdir ki, diplomatik çıxış yolu tapılmasa, hərbi toqquşma qaçılmaz ola bilər”.
Tunar,
NOCOMMENT.az










