Braziliyanın “Santos” klubunun məşqi zamanı gözlənilməz qalmaqal baş verib.
NOCOMMENT.az xəbər verir ki, ulduz futbolçu Neymar Braziliya yığmasının keçmiş oyunçusu Robinyonun 18 yaşlı oğlunun üzünə zərbə endirib.
Gərginliyə gənc futbolçunun meydanda Neymarı driblinqlə aldatması səbəb olub. Təcrübəli hücumçu bu hərəkəti özünə qarşı hörmətsizlik kimi qəbul edərək sərt reaksiya verib.
Nəşrin məlumatına görə, həmin məşq “Palmeyras”la matçın iştirak ərizəsinə daxil edilməyən futbolçular üçün keçirilib. Neymar gənc rəqibindən “daha sakit oynamağı” xahiş etdikdən sonra tərəflər arasında mübahisə yaranıb və bu, qısa müddətdə əlbəyaxa davaya çevrilib. Veteran futbolçu badalaq gələrək 18 yaşlı oyunçunun yerə yıxılmasına səbəb olub. Zərərçəkmiş tərəf hadisə ilə bağlı dərhal kluba şikayət edib. Münaqişə yalnız Neymarın gənc futbolçudan üzr istəməsindən sonra həllini tapıb.
Xatırladaq ki, “Santos”un formasını geyinən Neymar 2025-ci ilin sonunda sol dizinin meniskindən zədə alaraq mövsümü başa vurmalı olmuşdu. 2026-cı ilin əvvəlində isə braziliyalı oyunçu bud və dizaltı vətər problemləri də daxil olmaqla, zədələrinin təkrarlanması ilə üzləşib./oxu.az/











