İnsanın orqanının bağışlanmasına cəmiyyətdə və dində NECƏ BAXILIR? – SORĞUbackend

İnsanın orqanının bağışlanmasına cəmiyyətdə və dində NECƏ BAXILIR? – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, donor və donorçuluqla bağlı günümüzdə hələ də problemlər qalmaqdadır.

Bəs bu problemlər nədən qaynaqlanır? Donor mafiyalarının qarşısı necə alınmalıdır? Dində bu məsələlərə necə baxılır?

NOCOMMENT xəbər verir ki, sia mövzu ilə bağlı sorğu keçirərək həkim, ekspert və din xadiminin fikirlərini öyrənib.

Ümumi cərrah, transplantoloq Mircəlal Kazımi: “Orqan transplantasiya əməliyyatlarının icrası üçün xəstədən əlavə olaraq onların donorları olmalıdır. Orqan çatışmazlığından əziyyət çəkən xəstənin qohumlarından biri donor olmalıdır ki, transplantasiya əməliyyatı həyata keçirilə bilsin.

Dünyada hazırda icra olunan orqan transplantasiyasında donorlar 2 qrupa bölünürlər: canlı qohumlardan alınan orqanlar və meyiddən alınan orqan transplantasiyası.

Təəssüflər olsun ki, hazırda ölkəmizdə yalnız canlı qohumlardan istifadə edərək orqan transplantasiyasını həyata keçiririk. Amma yanvar ayının 1-dən cənab Prezident İlham Əliyev tərəfindən imzalanan “İnsan orqan toxumalarının transplantasiyası haqqında yenilənmiş” qanunda meyid orqanlarının istifadə olunmasına geniş şəkildə icazə verildi.

Hazırda hökumət və Səhiyyə Nazirliyi meyit orqanlarından istifadə haqqında yeni qərar və qaydaların icrası barədə işlər aparır. Orqan tranplantasiya koordinasiya mərkəzi də yaradılıb. İnanıram ki, yaxın gələcəkdə meyid orqanlarından da istifadə edərək orqan transplantasiyası əməliyyatlarını icra edəcəyik.

Biz böyrək və qaraciyər transplantasiya əməliyyatları icra edirik. Komandamız tərəfindən 1500-ə yaxın insan üzərində böyrək və qaraciyər transplantasiya əməliyyatı icra etmişik.

Onu da nəzərinizə çatdırım ki, Azərbaycanda mənim rəhbərliyim altında 2008-ci ilin 12 dekabrında Cənubi Qafqazda və ölkəmizdə ilk dəfə canlıdan-canlıya qaraciyər transplantasiya əməliyyatı icra olundu. Bu tarixdən etibarən Azərbaycanda orqan transplantasiyasının intibah dövrü başlandı.

Ailə tərəfindən qan qrupu uyğun olan xəstə olduğu zaman həmin şəxs bizə müraciət edir. Donorun “Mən böyrəyimin birini, yaxud qaraciyərimin bir hissəsini verirəm” deməsi işin təqribi 15-20 faizi hesab olunur. Bundan sonra isə onun müayinələri başlanılır. Donorun müayinəsi aparıldıqdan sonra hər şey uyğun gələrsə, yəni qan analizləri, kompyuter tomoqrafiyası, toxuma uyğunluğu və orqanın həcmi uyğun gəldikdən sonra onun donor olmağına qərar verilir. Bu təqdirdə əməliyyat icra oluna bilər.

Təbii ki, bizim istəyimiz ondan ibarət olardı ki, donor əməliyyatlarında donor riskə atılmasın. Yəni, canlı donordan çox istifadə olunmasın. Daha çox meyid orqanlarına önəm verilsin. Lakin canlı donordan istifadə bütün dünyada tətbiq olunur. Buna əngəl və əks göstərişlər də yoxdur. Professional, təcrübəli komanda tərəfindən icra olunduğu zaman fəsad olma ehtimalı sıfıra bərabər olur.

Donorlar sözün əsl mənasında “təpədən dırnağa qədər” müayinə olunub yoxlanılır. Müayinələr nəticəsində də donor olmasına qərar verilir. Yəni tibbi cəhətdən tam sağlam olan insan donor ola bilər.

Aparılan araşdırmalar onu göstərri ki, donorların gələcək həyatları normal insnalara nisbətdə daha yaxşı olur. Çünki onlar mütəmadi olaraq yoxlanışdan və müayinədən keçmiş insanlar olurlar.

Donor olan şəxsin verdiyi qaraciyərin bir hissəsi ay yarım ərzində bərpa olaraq yerinə qayıdır. Böyrək donoru isə bir böyrəyini verdikdən sonra qalan böyrək geridə qalan orqanizmin bütün funksiyasını öz üzərinə götürərək normal həyat fəaliyyətinə davam edir”.

Analitik ekspert Aydın Xan Əbilov: “İllər boyu donor və donorçuluqla bağlı Azərbaycanda çox kəskin ictimai diskussiyalar gedib. Azərbaycan mənəviyyatında, mental dəyərlərində və xalqın düşüncəsində ölmüş insanın daxili və xarici orqanlarının o əzalara ehtiyacı olan şəxslərə köçürülməsi ilə bağlı problem var idi. Bu məsələ cəmiyyətdə dəfələrlə etirazlara səbəb olmuşdu. Hətta hər hansı bir cinayət hadisəsi zamanı öldürülmüş şəxsin özünün belə yarılmasına da Azərbaycan insanı qəti etirazını bildirirdi.

Son vaxtlar dünyadan gələn ən yaxşı tendensiyalardan biri də insanların qəfl ölüm zamanı daxili və xarici orqanlarının ehtiyacı olan insanlara köçürülməsi ilə bağlı vəsiyyət etməsidir. Belə aksiyalar dünyada həm də qara donor alveri və donor mafiyalarının əməllərinə qarşı sivil mübarizə metodudur. Donor alveri dünyanın hər bir yerində çox geniş yayılıb. Xüsusilə az inkişaf etmiş ölkələrdə donor mafiyası çox geniş yayılıb. Hətta “donor turizmi” deyilən bir turizm də var. İndi donor mafiyalarının işləri asanlaşıb. Onlar sosial şəbəkələrdən istifadə etməklə öz fəaliyyətlərini qururlar.

Azərbaycan torpaqları işğal altında olan zaman əsir götürülmüş azərbaycanlıların əzalarının Fransa və Avropa ölkələrinə satılması ilə bağlı məlumatlar var”.

Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi İbrahim Quliyev: “Orqanın köçürülməsi müasir tibb elminin nailiyyətlərindən biridir. İstər ölkəmizdə, istərsə də dünyanın müxtəlif ölkələrində müəyyən orqanların köçürülməsi bir çox insanlara həyat vermiş və ya onların həyat keyfiyyətini yüksəltmişdir. Buna görə də orqanın köçürülməsi ilə bağlı müasir tibb elmində yeni qayda-qanunlar təsbit edilmişdir. Heç şübhə yoxdur ki, məsələ dini aspektdən də təhlil edilmiş, müsəlman dünyasının ən görkəmli alimləri məsələyə öz münasibətlərini bildirmişlər. Lakin bunu da qeyd etmək lazımdır ki, orqan köçürülməsi məsələsi yeni olduğundan bu haqda nə Qurani-Kərimdə, nə də hədis mənbələrində məlumat vardır. Buna görə də məsələyə münasibət yalnız müasir dövrün müsəlman alimlərinin rəyləri, verdikləri fitvalar əsasında təhlil edilir.

Mövzu ilə bağlı İslam alimlərinin gəldikləri qənaətlər aşağıdakılardan ibarətdir:

Birincisi, orqanı götürülən şəxsin ölmüş olması lazımdır.

İkincisi, ölmüş insanın sağ ikən yazılı və ya şifahi razılığı, yaxud da onun yaxınlarının razılığı olmalıdır.

Üçüncüsü, orqan satış məqsədi ilə olmamalıdır.

Dördüncüsü, orqan köçürülən şəxsin də razılığı olmalıdır.

Beşincisi, əgər insan sağ ikən onun bir əzasının kəsilib digər bir şəxsə köçürülməsinə razı olsa belə, bu işi icra etmək (məsələn, bir qolunun, ayağının və ya gözünün köçürülməsi kimi) onun özünə ciddi zərər gətirərsə, icazəli deyil. Amma əgər şəxsin özünə ciddi zərər gətirməzsə, icazəlidir.

Altıncısı, heyvanların əzasının insana köçürülməsi icazəlidir. O heyvan murdar heyvan olsa belə (məsələn, donuz kimi), onun hər hansı bir üzvü insana köçürülə bilər və köçürülən üzv pakdır. Əlbəttə, bundan başqa digər bəzi şərtlər də vardır”.