Elektrik və hibrid avtomobilləri bahalaşacaq - Bu baş versə...

Elektrik və hibrid avtomobilləri bahalaşacaq - Bu baş versə...

"Azərbaycanda hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsində formalaşan meyllərin qiymətləndirilməsi bu ilin sonunda aparılacaq. Bunu Report İnformasiya Agentliyi və İctimai TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, hazırda hibrid və elektrik avtomobillərinin idxalında azalma müşahidə olunsa da, bu tendensiyanın davamlı olub-olmayacağını indidən söyləmək mümkün deyil: '2025-ci ildə Azərbaycana 68 mindən çox hibrid avtomobil idxal edilib. Həmin dövrdə istehsal tarixi 3 ili keçməyən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən az olan avtomobillərə müəyyən güzəştlər tətbiq olunurdu. Ötən il ölkəyə təxminən 2 min elektrik avtomobili gətirilib. Cari ilin ilk beş ayında isə onların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb. Bunun əsas səbəbi güzəştlərin başa çatmasıdır. Eyni zamanda, ötən il vətəndaşlar güzəşt müddətindən istifadə edərək ehtiyacları çərçivəsində kifayət qədər avtomobil idxal etmişdilər'.

Ş.Bağırov qeyd edib ki, avtomobillərin sayının təxminən iki dəfə azalmasına baxmayaraq, cari ilin ilk beş ayında bu kateqoriya üzrə 12 milyon manatdan çox gömrük ödənişi toplanıb: 'Növbəti mərhələdə idxal yenidən arta bilər. Lakin hazırda bu avtomobillərin idxalının hansı dinamika ilə dəyişəcəyini dəqiq söyləmək mümkün deyil'. Yeni imtiyazların tətbiqi məsələsinə aydınlıq gətirən DGK sədri qeyd edib ki, 'ilin sonunda bu məsələyə yenidən baxaraq daha aydın mənzərəni ortaya qoyacağıq'."

NOCOMMENT.az xəbər verir ki, ekoloji təmiz və qənaətcil nəqliyyat vasitələrinin idxalında baş verən kəskin azalma ölkənin avtomobil bazarında ciddi dalğalanmalara və qiymət müzakirələrinə yol açıb. 2025-ci ildə tətbiq edilən gömrük və vergi güzəştlərindən maksimum yararlanan vətəndaşlar və dilerlər ölkəyə kütləvi şəkildə hibrid maşınlar gətirsələr də, cari ilin ilk beş ayında rəqəmlərin iki dəfə aşağı düşməsi tədarük zəncirində boşluq yaradır. Bu vəziyyət "Gözlənilən ilsonu qiymətləndirilməsi daxili bazarda avtomobillərin kəskin bahalaşmasına səbəb olacaq, yoxsa yeni imtiyazlar qiymətləri yenidən aşağı salacaq?" sualını aktuallaşdırıb. Dövlət Gömrük Komitəsinin topladığı rüsumların həcmi artsa da, idxalın azalması daxili bazardakı təklif portfelini daraldır ki, bu da birbaşa alıcıların büdcəsinə təsir edən əsas amildir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə qeyd edib ki, gömrük güzəştlərinin başa çatması və idxalın iki dəfə azalması yaxın aylarda daxili bazarda hibrid və elektrik maşınlarının qiymətində qaçılmaz bahalaşmaya yol açacaq: "Dövlət Gömrük Komitəsi sədrinin rəsmi açıqlaması bazardakı acı reallığı tam çılpaqlığı ilə göstərir. Ötən il istehsal tarixi 3 ili keçməyən və mühərriki 2 500 kubsantimetrdən az olan hibridlərin gömrük rüsumundakı imtiyazlar daxili bazarda canlanma yaratmışdı və qiymətləri stabil saxlayırdı. İndi isə həmin güzəşt müddəti bitib və yeni gətirilən maşınların maya dəyəri avtomatik olaraq yüksəlib. İdxalın iki dəfə azalması o deməkdir ki, bazarda təklif azalır, tələb isə sabit qalır. İqtisadiyyatın qanunlarına görə, təklif azalan yerdə qiymət artımı qaçılmazdır. Hazırda bazarda satılan hibrid və elektrik maşınları əsasən ötən il ucuz gömrüklə gətirilən köhnə stoklardır. Həmin stoklar tükəndikcə və yeni rüsumlarla gələn maşınlar satışa çıxdıqca, payız və qış aylarında qiymətlərdə 10-15 faiz arası artım müşahidə edəcəyik. Yəni yaxın gələcəkdə hər hansı bir ucuzlaşmadan söhbət gedə bilməz".

Onun sözlərinə görə, hökumətin ilin sonunda aparacağı meyllərin qiymətləndirilməsi və mümkün yeni imtiyazlar paketi maşın bazarının gələcək taleyini həll edəcək əsas dönüş nöqtəsi olacaq: "Şahin Bağırovun da vurğuladığı kimi, ilin sonunda rəqəmlərə yenidən baxılacaq və daha aydın mənzərə ortaya qoyulacaq. Əgər hökumət ekoloji layihələri, 'yaşıl dünya' hədəflərini və Bakıdakı ekoloji vəziyyəti ön plana çəkərək yeni imtiyazlar paketi qəbul edərsə, gömrük rüsumlarını yenidən aşağı salarsa, yalnız ondan sonra 2027-ci ilin əvvəlindən etibarən bazarda yenidən ucuzlaşma trendi başlaya bilər. Lakin bu qərara qədər, yəni ilin sonuna kimi dilerlər və fərdi şəxslər risk etmək istəmədikləri üçün ölkəyə az maşın gətirəcəklər. Bu da süni qıtlığa və mövcud maşınların qiymətinin süni şəkildə şişirdilməsinə rəvac verəcək. Cari ilin ilk 5 ayında cəmi 12 milyon manatdan çox gömrük ödənişinin toplanması göstərir ki, dövlət rüsumları artıraraq büdcə gəlirini qoruyub, lakin vətəndaşın ucuz və ekoloji maşın almaq imkanı məhdudlaşıb. İlin sonundakı qərar strateji əhəmiyyət daşıyır; ya bazara yeni nəfəs veriləcək, ya da qiymətlər pik həddə çatacaq".

Tunar,

NOCOMMENT.az