Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər
NOCOMMENT.az-a Gömrük Komitəsindən bildiriblər ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan zəruri addımlara və həyata keçirilən təxirəsalınmaz tədbirlərə ölkə ictimaiyyəti tərəfindən də geniş dəstək verilir.
Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları, sahibkarlar könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə, aztəminatlı ailələrə yardım etməklə, yaşlı şəxslərə baş çəkmək və onların zəruri ehtiyaclarının ödənilməsinə dəstək göstərməklə dövlətin apardığı mübarizə kampaniyasında fəal iştirak edirlər.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər.
Ümumilikdə, 57 ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı göstərən gömrükçülər, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.











