COVID-19 pandemiyası səbəbilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müəssisələr və işçilər ciddi problemlərlə üzləşirlər.
NOCOMMENT.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) açıqlamalarına görə pandemiya 2020-ci ilin sonuna qədər davam edərsə dünyada təqribən 25 milyon insan işsiz qala bilər ki, bu yetərincə böyük rəqəmdir.
Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu illərin qlobal maliyyə böhranı 22 milyon insanın işsiz qalmasına səbəb olub.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun açıqlamalarına görə hazırda dünyada 4 milyarddan çox insan pandemiya səbəbilə sosial təcrid olunaraq evlərindən çıxmır. Bu da öz növbəsində xidmət və logistika sektoruna mənfi təsir göstərir.
Aparılan hesablamalara görə pandemiyadan xüsusilə zərərçəkən sahələr otellər, aviaşirkətlər, restoranlar, alış-veriş mərkəzləri və mağazalardır. Nəticədə sadalanan sahələrdə çalışan bir çox insan iş yerlərini itirə bilər. Artıq dünyanın bir çox nəhəng şirkətləri virus səbəbilə öz işçilərini qısamüddətli və ya uzunmüddətli dövr üçün işdən uzaqlaşdırıb.












