İranın son dövrlərdə ABŞ və İsraillə yaşadığı kəskin hərbi-siyasi gərginlik fonunda Azərbaycanla sərhəddəki mövcud vəziyyəti “məmnunluq doğuran sabitlik” kimi xarakterizə etməsi regiondakı geosiyasi mənzərənin mühüm göstəricisidir. İranın sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Gömrük Administrasiyasının rəhbəri Forud Əsgərinin Biləsuvar sərhəd gömrük məntəqəsinə səfəri və buradan verdiyi bəyanatlar rəsmi Tehranın Bakı ilə münasibətlərdə praqmatik iqtisadiyyat və təhlükəsizlik balansını qorumağa çalışdığını nümayiş etdirir.
Əsgəri xüsusilə vurğulayıb ki, regional hərbi əməliyyatların aktiv fazasında belə iki ölkə sərhədində heç bir insident qeydə alınmayıb və qarşılıqlı fəaliyyət yüksək səviyyədə qalıb. Bu vəziyyət Tehran üçün Azərbaycan sərhədinin artıq bir “gərginlik zonası” deyil, əksinə, ölkənin iqtisadi nəfəsliyi rolunu oynayan sabit bir tranzit xətti kimi qəbul edildiyini sübut edir.
Xüsusilə Biləsuvar məntəqəsində idxal, ixrac və tranzit əməliyyatlarının həcminin artırılması, habelə Ərdəbil—Biləsuvar azad ticarət zonasının aktivləşdirilməsi planları İranın bu istiqamətdəki strategiyasının yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, həm də Mərkəzi Asiyaya uzanan geniş logistik şəbəkənin tərkib hissəsi olduğunu göstərir. Beləliklə, İranın sərhəddən verdiyi mesaj həm iqtisadi modernizasiya, həm də regionda sabitliyin qorunmasına dair siyasi iradənin təzahürüdür.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, Tehranın bu açıqlamaları əslində daxili və xarici təzyiqlər qarşısında bir “təhlükəsiz liman” axtarışının nəticəsidir: “İran hazırda qlobal güclərlə qarşıdurma vəziyyətindədir və belə bir məqamda Azərbaycanla olan min kilometrlik sərhədinin təhlükəsizliyindən əmin olmaq onun üçün həyati əhəmiyyət kəsb edir. Forud Əsgərinin Biləsuvar sərhədini ‘məmnunluq zonası’ kimi təqdim etməsi Bakı ilə Tehran arasında son vaxtlar əldə olunmuş gizli və ya aşkar diplomatik razılaşmaların işlək olduğunun göstəricisidir”.
Şərhçi qeyd edib ki, iqtisadi layihələrin, xüsusilə azad ticarət zonalarının ön plana çıxarılması siyasi gərginliyi iqtisadi asılılıqla yumşaltmaq cəhdidir: “Ərdəbil—Biləsuvar azad ticarət zonasının aktivləşdirilməsi İranın Şimal-Cənub nəqliyyat dəhlizindəki rolunu möhkəmləndirmək və Azərbaycan vasitəsilə Rusiya və Avrasiya bazarlarına çıxışını sığortalamaq məqsədi daşıyır. Bu, həm də bir mesajdır ki, İran regionda hərbi ritorikadan çox, iqtisadi inteqrasiyada maraqlıdır və Azərbaycanı bu prosesdə vazkeçilməz tərəfdaş kimi görür”.
O, qeyd edib ki, rəsmi Tehran bu yolla həm də İsrailə və Qərbə sərhədlərinin nəzarətdə olduğu mesajını verir: “Sərhəddə gərginliyin olmamasını xüsusi vurğulamaqla, İran tərəfi kənar güclərə mesaj verir ki, Azərbaycan ərazisindən ona qarşı hər hansı təhdid gözləmir və tərəflər arasında praqmatik kommunikasiya xətləri mövcuddur. Biləsuvarın Mərkəzi Asiya ticarətindəki potensial rolu isə göstərir ki, İran Azərbaycanı sadəcə qonşu deyil, həm də böyük regional logistik qovşağın açar ölkəsi kimi qiymətləndirməyə başlayıb”.
Tunar,
NOCOMMENT.az









