Jirinovski Azərbaycanda belə xatırlanacaq: görkəmli siyasətçi, KLOUN…backend

Jirinovski Azərbaycanda belə xatırlanacaq: görkəmli siyasətçi, KLOUN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

75 yaşında dünyasını dəyişən Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilirdi. Ölkəmizlə bağlı zaman-zaman təhqiramiz fikirlər səsləndirən rusiyalı siyasətçi açıq-aşkar ermənilərin tərəfini tutur, türk dünyasına nifrət püskürürdü.

Uzun sürən xəstəlikdən sonra bu gün gözlərini dünyaya əbədi yuman Jirinovski bundan sonra yaxınları və tərəfdarları tərəfindən hüznlə anılsa da, siyasi düşərgədə heç də xoş xatirələrlə yadda qalmayacaq.

Bəs, Jirinovski Azərbaycanda necə xatırlanacaq?

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan Azərbaycan Sosial Demokratlar Partiyasının sədri, sabiq deputat Araz Əlizadə qəribə səslənsə də, Jirinovskinin “çox güclü siyasətçi” olduğunu bildirib: “Jirinovski Liberal Demokart Partiyanın sədri olsa da, onda liberal demokratiyadan əsər-əlamət yox idi. Eyni zamanda olduqca savadlı insan idi. Əlbəttə, Rusiya tarixində görkəmli insan kimi qalacaq”.

A.Əlizadə hesab edir ki, Jirinovskinin dünya görüşü, başqa ölkələrlə bağlı səsləndirdiyi nifrət dolu fikirlər onun milliyyətçi olmağından irəli gəlirdi.

“Azərbaycan haqda səsləndirdiyi milliyyətçi fikirlərə görə, o, həmişə bu xalqın yaddaşında sevilməyən insan kimi qalacaq”, – deyə A.Əlizadə qeyd edib.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, Jirinovski yaddaşlarda kloun kimi qalacaq: “O, digər yandan insanların yaddaşında xalqlar arasında nifrət formalaşdıran, həmişə yuxarıdan aşağı baxmağı təlqin edən siyasətçi kimi qalacaq”.

Buna baxmayaraq, deputat Jirinovskinin maraqlı siyasətçi olduğunu söyləyib: “Hər halda 20 ildən artıq bu formatda siyasətin içərisində yer almaq elə-belə məsələ deyil. Bu, həm də qabiliyyət deməkdir. Bu sahədə Jirinovski öz qabiliyyətini ortaya qoymuş adamdır. Ancaq yenə deyirəm, mənfi yöndə xatırlanacaq. Çünki onun davranışları hər halda xoşagələn olmayıb”.

“Jirinovski Azərbaycanda da mənfi xatırlanacaq. Çünki Azərbaycana qarşı tərbiyəsizliklər edib. Bu münasibəti o təkcə Azərbaycana qarşı yox, bütövlükdə türk dünyasına qarşı nümayiş etdirib, – deyən Fazil Mustafa, həmçinin qeyd edib ki, əslində, Jirinovski sədri olduğu partiyanın ideologiyasının daşıyıcısı olmayıb. – O tipik faşist ideologiyasına mənsub bir adam olub”.

Qeyd edək ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski vəfat edib. O fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla xəstəxanaya yerləşdirilmişdi. İki aydan artıq idi ki, yataq xəstəsi kimi həyatı dəstəkləyən cihazlara qoşulmuşdu.

75 yaşında koronavirusun qurbanı olan Jirinovski zaman-zaman Azərbaycan əleyhinə təhqiramiz fikirləri ilə gündəmə gəlib. O, həm də Rusiya Dövlət Dumasının deputatı kimi parlamentdə Liberal Demokrat Partiyasının fraksiya rəhbəri idi.