Jurnalist Flora Kərimovanı yalan məlumatlar yaymaqda ittiham etdibackend

Jurnalist Flora Kərimovanı yalan məlumatlar yaymaqda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Binəqədi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Muradovadan (Ülviyyə Alovlu) xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə iclası baş tutub. İddia olunduğu kimi, prosesdə iştirak etməyən Ülviyə Alovlunun məhkəməyə məcburi gətirilməsi, Yasamal Rayon Polis İdarəsinə təkrar tapşırıq verilməsi barədə təkrarən qərar çıxarılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a danışan jurnalist Ülviyyə Alovlu heç bir prosesdən yayınmadığını, Xalq artisti Flora Kərimovanın məqsədyönlü şəkildə gündəmə gəlmək üçün yanlış məlumat yaydığını bildirib: “Pandemiyaya görə məhkəmə prosesi bir az uzandı. Sonuncu bildiriş mənə dünən aprel ayının 20-si üçün gəlib. Heç bir yayınmadan söhbət belə gedə bilməz. Sanki ağır cinayət törətmişəm, məni məhkəməyə zorla gətirəcəklər. Hərçənd ki, mənə bildiriş dünən gəlib.

Yayılan məlumatla bağlı mən hakimlə əlaqə saxladım. Mənə bildirildi ki, mətbuatda yayılan məlumatlara görə onlar məsuliyyət daşımırlar. Mənim heç bir gizli, qorxulu işim yoxdur. Çağırılan yerə də böyük məmnuniyyətlə getməyə hazıram, heç bir prosesdən də yayınmamışam.

Onun yaşıdları Ajda Pekkan, Bülənt Ərsoy sənəti ilə, konsertləri, yeni ifaları ilə gündəmə gəlir, Flora da şou-biznesi məhkəməyə verməklə, söz atmaqla, qalmaqalla gündəmə gəlir. Biz də nəsə deyəndə gedib bizi məhkəməyə verir. İnşallah, 20-si keçiriləcək prosesdə də iştirak edəcəyəm”.

Jurnalist, həmçinin, F.Kərimovanın hamı üçün problem yaratmaq istəyindən söhbət açıb: “Əslində bu uzun müddət olmuş, köhnəlmiş bir hadisədir. Orada heç bir təhqirdən söhbət belə gedə bilməz. Bu sadəcə polemika xarakteri daşıyan bir yazı idi. Hamıya mənəviyyat və əxlaq dərsi keçdiyi üçün onunla bir polemika etmişdim. Sadəcə Flora hamıdan xoş sözlər və tərif eşitdiyi üçün bu cür polemikanı həzm edə bilmədi və məhkəməyə müraciət etdi. Artıq onun bu kimi xasiyyətinə görə bütün ətrafı, şou-biznes nümayəndələri ona nifrət edirlər. Hərəyə bir daş atır”.