Jurnalistlərə tikilən üçüncü bina barədə qərar verildibackend

Jurnalistlərə tikilən üçüncü bina barədə qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş 3-cü binanın media mənsublarına verilməsinin ləngiməsi bir sıra suallara səbəb olub.

NOCOMMENT xəbər verir ki, gununsesi.info-ya daxil olan məlumata görə, 255 mənzilli çoxmərtəbəli yaşayış binasının media nümayəndələrinə paylanılması barədə qərar dəyişib.

Yeni qərara görə, mənzillər Səbail rayonu ərazisində qeydiyyatda olan müharibə əlilləri və şəhid ailələrinə veriləcək.

Mənbə hətta yerli icra hakimiyyəti tərəfindən sözgedən binada bir neçə mənzilin imtiyazlı təbəbəqənin nümayəndələrinə veriləcəyi barədə vəd olunduğunu də iddia edib.

Qeyd edək ki, ötən ay 200-ə yaxın jurnalistin imzası ilə Prezident İlham Əliyevə növbəti dəfə müraciət olunmuşdu. Amma dövlət qurumları tərəfindən müraciətə hər hansı reaksiya verilməmişdi.

Xatırladaq ki, ötən il deputat Etibar Əliyev jurnalistlər üçün tikilmiş binanın şəhid ailələrinə və müharibə əlillərinə verilməsi təklifi ilə çıxış etmişdi. Onun təklifi bir sıra tanınmış jurnalistlər tərəfindən dəstəklənmiş və Prezidentə müraciət edilmişdi. Deputatın təklifi ciddi rezonans doğurmuş və sosial şəbəkələrdə kəskin tənqidlərə yol açmışdı.

Bir qrup media nümayəndəsi E.Əliyevi jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaqda ittiham etmişdi.

Mənbə bildirib ki, hazırda binanın mühafizəsi onu inşa etmiş “Protoks” MMC tərəfindən həyata keçirilir.

Amma şirkət bir neçə dəfə MEDİA Agentliyinə müraciət edərək binanı təhvil götürməyi tələb edib. Səbəb kimi, mühafizə və amortizasiya xərclərini qarşılaya bilmədiyini göstərib.

Amma agentlikdən bu tələbə mənfi cavab verilib və məsələnin aidiyyəti dövlət qurumlarının səlahiyyətində olduğu bildirilib.

Xatırladaq ki, binanın 2020-ci ilin yayında – 22iyul Mətbuat Günü jurnalistlərə paylanacağı vəd olunsa da, bu baş tutmamışdı.

Koronavirus pandemiyası, daha sonra jurnalist binalarının tikintisinə nəzarəti həyata keçirən KİVDF rəhbərliyinə cinayət işinin açılması prosesi ləngidib.

Aparılan istintaq nəticəsində məlum olub ki, KİVDF rəhbərliyi, habelə tikintini həyata keçirən “Protoks” MMC-nin məsul şəxsləri on milyonlarla dövlət vəsaitini talayaraq ələ keçiriblər.

Məhkəmənin qərarı ilə KİVDF rəhbəri Vüqar Səfərli əmlakı müsadirə olunmaqla 10 il həbs cəzasına məhkum edilib, habelə onunla əlbir olan şəxslərə müxtəlif cəzalar təyin edilib. KİVDF isə ləğv olunub, onun bazasında Medianın İnkişafı Agentliyi – MEDİA yaradılıb.