Kasko sığortada MÜHÜM DƏYİŞİKLİKLƏR: Sürücülər üçün NƏ DƏYİŞƏCƏK?

Kasko sığortada MÜHÜM DƏYİŞİKLİKLƏR: Sürücülər üçün NƏ DƏYİŞƏCƏK?

Yaxın vaxtlarda kasko sığorta ilə bağlı yeniliklər tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Kasko sığortası məcburi olacaq? Sürücüləri nə gözləyir, qəza zamanı kasko nəyi ödəyəcək, nəyi ödəməyəcək?

NOCOMMENT.az xəbər verir ki, Mövzu ilə bağlı danışan sığorta eksperti Vüsal Bədəlov deyib ki, kasko sığorta bazarının canlandırılması və əhalinin sığorta bazarına inamının artırılması üçün sığorta sahəsində beynəlxalq standartlara əsaslanan dəyişikliklərin olması vacibdir.

Onun sözlərinə görə, bu dəyişikliklər yalnız sığorta haqqına, sığorta məbləğinə əsaslanan dəyişikliklər olmamalıdır:

“Sığorta sektorunda inkişaf istəyiriksə, ilk növbədə mütləq şəkildə istehlakçının etibarını qazanacaq, ümumiyyətlə istehlakçının etibar edəcəyi bir sığorta bazarı formalaşdırmalıyıq. İstehlakçıya hansı formada xidmət göstəriləcək, gələcəkdə onun avtomobilinə dəymiş zərərin hesablanması hansı bazar standarlarına uyğun olacaq, ehtiyat hissələri orijinal və yaxud dublikat hissələrlə aparılacaq, bunlar mütləq şəkildə bildirilməlidir”.

V.Bədəlov qeyd edib ki, sığorta hadisəsi baş verdikdə zərərin hansı hissəsini sığortalının özü ödəyəcəyi müqavilədə əvvəlcədən açıq şəkildə yazılmalıdır:

“Beynəlxalq yanaşmada əsasən sığorta müqaviləsi bağlanarkən gələcəkdə sığortaedilənlə sığortaçı arasında münasibətləri tənzimləyən bir müqavilə növü görə bilərik”.

Sığorta haqqına gəldikdə isə, müsahibimiz vurğulayıb ki, sığorta haqqı hazırda Avropa, Amerika bazarında bizdən daha yüksəkdir. Dediyinə görə, risk əsaslı sığorta haqları hesablanır. Burada həm sürücünün təcrübəsi, yaşadığı ərazi, həm də avtomobilin modeli nəzərə alınaraq sığorta haqqı hesablanır:

“Ancaq bizdə orta sığorta haqqı demək olar ki, 2.5, 3.5 faiz əmsalı ilə nəqliyyat vsitəsinin ilinə və dəyərinə görə dəyişir. Bu məsələlərlə bağlı dəyişiklik edilərsə, gələcəkdə kasko sığortasına maraq daha da arta bilər”.\\bakivaxti.az