Vaşinqton və Tehran arasında gərginliyin az qal kəsilməz bir həddə çatdığı hazırkı dövrdə, ABŞ-ın strateji təşəbbüsü olan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi üzərində qara buludlar dolaşmağa başlayıb. Bu dəfə layihəyə qarşı hücumların əsas mərkəzində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi rusiyayönümlü revanşist qüvvələr dayanır.
NOCOMMENT.az xəbər verir ki, Koçaryanın son həftələrdəki ardıcıl tənqidləri bu layihəni hədəf alaraq, onu “regionun ənənəvi münasibətlər sistemini məhv edən Amerika məhsulu” adlandırması ilə diqqət çəkir. Eks-prezident ümid edir ki, İranın ABŞ və İsrail ilə qarşıdurmadan güclənərək çıxması bu nəqliyyat dəhlizinin qarşısını alacaq yeganə amil olacaq. O, açıq şəkildə bəyan edir ki, Rusiya və Çin kimi dövlətlərin iştirakı olmadan reallaşacaq istənilən variant Ermənistan üçün fəlakətlə nəticələnəcək.
Geosiyasi arenada baş verən bu proseslər bir tərəfdən də Kremlin maraqları ilə tam sinxronluq təşkil edir. Əgər əvvəllər Moskva bu layihəyə bir qədər skeptik yanaşırdısa, TRIPP artıq icra mərhələsinə qədəm qoyduqca İrəvana olan təzyiqlər də artıb. Moskva öz iştirakını təmin etmək üçün Ermənistan hakimiyyətinə “yollar açır”, lakin Vaşinqtonla İrəvan arasındakı ikitərəfli razılaşma kənar oyunçuların prosesə müdaxiləsini xeyli çətinləşdirir.
Eyni zamanda, bu məsələdə İran faktorunun rolu da dəyişməkdədir. Ermənistandakı revanşistlərin əsas ümid yeri olan Tehran, 12 günlük müharibənin acı nəticələrindən sonra hazırda öz daxili problemləri və ABŞ ilə yeni nüvə sazişi ehtimalı üzərində fokuslanıb. Bu isə o deməkdir ki, Koçaryanın güvəndiyi “İran səddi” artıq əvvəlki qədər keçilməz deyil.
Bu dramatik mənzərəyə daha bir maraqlı rəng qatan məqam isə Kapitol təpəsindəki erməni lobbisinin – ANCA-nın fəaliyyətidir. Uzun illər Rusiyanın təsirinə qarşı çıxan Amerika erməniləri, indi qəribə bir şəkildə Ermənistandakı rusiyayönümlü qüvvələrlə eyni mövqedən çıxış edərək Trampın bu təşəbbüsünə mane olmağa çalışırlar. Onlar layihəni “Ermənistanın dövlətçiliyini zəiflədən bir addım” kimi qələmə verirlər.
Buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan geri addım atmaq niyyətində görünmür. O, parlamentdəki çıxışında Vaşinqtonun layihəyə tam dəstək verdiyini və gərginliklərə rəğmən işlərin daha da sürətləndiyini vurğulayıb. Diplomatik müstəvidə atılan addımlar da göstərir ki, tərəflər layihəni diskreditasiya etməyə çalışan qüvvələrin hibrid hücumlarına qarşı hazırlıqlıdırlar.
Sara,
NOCOMMENT.az










