Köçəryan: Gorus-Qafan yolunda artıq İran avtobusları da yoxlanılırbackend

Köçəryan: Gorus-Qafan yolunda artıq İran avtobusları da yoxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gorus-Qafan dövlətlərarası yolunda yerləşən Azərbaycan polisi və sərhədçiləri bu gündən etibarən təkcə İran yük maşınlarını yox, avtobusları da yoxlamağa başlayıblar”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Gorus bələdiyyəsinin sədr müavini Karo Köçəryan bildirib.

Onun sözlərinə görə, iranlı sürücülər yoxlamalardan ciddi narazıdırlar və erməni tərəfi ilə söhbətlərində qeyd edirlər ki, bu qədər vaxt və pul sərf etməkdənsə heç gəlməmək daha yaxşıdır.

“İndiyə qədər vəziyyət dəyişməyib. Azərbaycanlılar İran avtomobillərində yoxlamaları yenə həyata keçirir, tıxaclar yaranır. Məncə, bütün bunların məqsədi insanları sıxışdırmaqdır. Bilmirəm, amma bizi yaxşı heç nə gözləmir. Baş verənlər yaxşı deyil. Gələcəkdə daha pis olacaq, düşünürəm ki, gələcəkdə onlar da erməni nömrəli avtomobilləri yoxlamağa başlayacaqlar”, – deyə Karo Koçaryan erməni maşınlarının yoxlanılması ehtimalı ilə bağlı sualı cavablandırıb.

Sədr müavininin sözlərinə görə, hazırda Ermənistan hökumətində azərbaycanlıların gələcəkdə daha təhlükəli addımlar atmayacağına zəmanət verə biləcək bir nəfər belə yoxdur.

Erməni hakimiyyət orqanlarının hansı addımları atmalı olduğu sualına Karo Köçəryan nə cavab verəcəyini belə bilmədiyini deyib.

Karo Köçəryan qeyd edib ki, Azərbaycan polis postunun yaxınlığında əhəmiyyətli qüvvələr cəmləşib: “Postda qələbəlikdir. Azərbaycanlılar erməni maşınlarını saxlamasalar da, dayanmağımıza da icazə vermirlər. Sadəcə bizi buraxır və İran nömrələri olan avtomobilləri yoxlamağa başlayırlar”

Xatırladaq ki, Azərbaycan polisi sentyabrın 12-dən etibarən Ermənistan ərazisinə daxil olan İran yük maşınlarını yoxlayır və bundan sonra sürücülərə müvafiq sənəd verir.

Yayılan məlumatlara görə, İrandan yük maşını sürücülərindən İrəvana getmələri üçün 50 min dram (100 dollar) rüsum ödəmələri tələb olunur.