Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? – VİDEObackend

Kondisioner ustasının ölümü ilə nəticələnən faciə niyə baş verdi? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümünün yaxınlaşması ilə kondisionerlərə olan tələbat kəskin artır. Lakin bir neçə gün öncə paytaxtda baş verən bədbəxt hadisə təhlükəsizliklə bağlı ciddi suallar doğurub.

NOCOMMENT.az xəbər verir ki, Bakının 20 Yanvar küçəsində yerləşən yaşayış binalarının birində kondisionerin mühərrikinə qaz doldurulan zaman güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.

“Bu işin belə təhlükəli olduğundan xəbərsiz idim. Amma reallığı bildikdən sonra anlayırsan ki, mütləq etibarlı və peşəkar ustaları çağırmaq lazımdır. Bu, olduqca məsuliyyətli bir işdir”, – deyə sakinlərdən biri bildirib.

Bəs faciənin əsas səbəbi nə idi? Problem avadanlıqdan, yoxsa insan səhlənkarlığından qaynaqlanır?

Kondisioner ustası Rəşad Məhərrəmovun sözlərinə görə, qaz vurulması zamanı diqqət yetirilməli bir çox vacib məqam var:

“Bu həm texniki problem, həm də ustanın səhvi ola bilər. Lakin usta faktoru barədə danışırıqsa, əsas səbəb qazın yanlış vurulmasıdır. Məsələn, qazların müxtəlif növləri var. Bu növləri bir-birinə qarışdırdıqda belə ağır nəticələr yaşanır. Digər bir məqam isə düzgün diaqnostikanın aparılmamasıdır. Bəzən elə texniki tıxanmalar olur ki, daxildə qaz olduğu halda göstərici cihazı yoxmuş kimi təəssürat yaradır və ustanı çaşdırır. Belə olan halda əlavə qaz vurulanda sistemdə həddindən artıq sıxılma baş verir ki, bu da qaçılmaz partlayışa səbəb olur”.