Kran hadisəsində zərərin ödənilməsi ilə bağlı açıq qalan suallar – Cavabdeh kimdir?backend

Kran hadisəsində zərərin ödənilməsi ilə bağlı açıq qalan suallar – Cavabdeh kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda sentyabrın 4-də qaldırıcı kranın aşması ilə həmin ərazidəki yaşayış binası və park edilmiş avtomobillər zərər görmüş, hadisədə kranın sürücüsü də dünyasını dəyişmişdi.

Baş Prokurorluq isə məlumatında bildirdi ki, qeyd edilən ünvanda “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında “Kran Group” MMC fəaliyyət göstərib. Kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində dünyasını dəyişib, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib. Faktla bağlı isə cinayət işi başlanıb.

Lakin hadisə zamanı zərər görmüş 6 avtomobilə və yaşayış binasının 3 mənzilinə dəyən ziyanı kimin qarşılayacağı sual doğurur. Eləcə də, hadisə zamanı vəfat edən sürücünün ailəsinə sığorta ödənişi edilə bilərmi?

NOCOMMENT xəbər verir ki, sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov mediapost-a açıqlamasında bildirib ki, hadisə nəticəsində həm həlak olan “Kran Group” MMC-nin işçisinə, həm də zərər çəkmiş şəxslərə sığorta ödənişləri verilə bilər: “Ölkəmizdə bununla bağlı məcburi tətbiq edilən işçilərin həyat sığortası üzrə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü, bədbəxt hadisə nəticəsində avtomobillərə və digər əmlaklara dəyən ziyana görə isə “daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” məhsulları mövcuddur. Adıçəkilən həyat sığortasını “Kran Group” MMC, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını isə tikinti aparan “Qarant İnşaat 2012” MMC şirkəti etməlidir. Hər iki sığorta növü icbari olduğundan həyat sığortasına nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, mülki məsuliyyətlə bağlı sığortaya nəzarəti isə Fövqəladə Hallar Nazirliyi edir”.

Hadisə zamanı dünyasını dəyişən sürücünün sığorta olunub-olunmamasını dəqiqləşdirmək üçün “Kran Group” MMC ilə əlaqə saxladıq. Şirkətin rəsmisi açıqlamasında bildirdi ki, həmin işçi sığorta olunub. Lakin şirkət rəsmisi sığorta ödənişinin məbləği və ödənişin həyata keçirilməsi ilə bağlı məlumat verməkdən imtina etdi. “Qarant İnşaat 2012” MMC də sığorta məsələsi ilə bağlı məlumat vermək istəmədi.

Bədbəxt hadisə nəticəsində avtomobillərə və digər əmlaklara dəyən ziyana görə, inşaat şirkətinin icbari sığortasının olub-olmamasını dəqiqləşdirmək üçün Fövqəladə Hallar Nazirliyindən məlumat almağa çalışsaq da, qurum sığorta məsələsinə cavabdehlik daşımadıqlarını bildirdi.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirildi ki, baş vermiş bədbəxt hadisə ilə bağlı mövcud qanunvericiliyə müvafiq olaraq təhqiqat komissiyası yaradılıb: “Hazırda qeyd olunan bədbəxt hadisənin təhqiqatı aparılır. İlkin araşdırma zamanı müəyyən edilib ki, həmin işçi (Cəfərov Elvin İbrahim olğu) kran operatoru kimi rəsmi əmək müqaviləsi əsasında işə cəlb edilib. Təhqiqatın gedişində baş vermiş hadisənin səbəbləri müəyyən ediləcək və qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək”.

Son olaraq İcbari Sığorta Bürosu bütün şirkətlərin əməkdaşlarını icbari qaydada İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalatmalı olduğunu, həmçinin Daşınmaz əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasının hüquqi şəxslərin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilidiyini bildirdi. Sözügedən sığortaların edilməsinə müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Fövqəladə Hallar Nazirliyi nəzarət edir.

Zərərçəkmiş şəxslərə qeyd olunan sığorta növləri üzrə ödənişin edilib-edilməməsi ilə bağlı məlumat əldə etmək üçün müvafiq qurumlara müraciət etsək də, sualımıza cavab tapa bilmədik. İcbari Sığorta Bürosu Daşınmaz əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasına nəzarəti Fövqəladə Hallar Nazirliyinin etdiyini desə də, nazirlik bu sahəyə cavabdehlik daşımadıqlarını bildirdi. Həmçinin kran sürücüsünün rəsmi işçi olduğunu öyrənsək də, sığortalı olub-olmaması və sığorta ödənişinin edilməsi ilə bağlı məlumat verilmədi.