Bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

Bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda Nazilə Şəmsiyeva (red-ad, soyad şərtidir) şahid qismində dindirilib.

O, bildirib ki, təqsirləndirilən şəxs onun qardaşıdır.

Zərərçəkənlə yəni nişanlımla yataq otağında oturmuşdum. Qardaşım əlində bıçaqla nişanlımın üstünə hücum çəkdi. Digər qardaşımın yoldaşı ilə ona mane olmağa çalışdıq. Lakin nişanlımın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirdi. Birtəhər ona mane olduq ki və bıçağı əlindən aldıq. Ona görə də cinayətini tam başa çatdıra bilmədi".

Daha sonra təqsirləndirilən şəxsin anası şahid qismində dindirilib:

"Oğlum həm Aprel döyüşləri, eyni zamanda 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olub. Başında travmaları var. Hadisə günü mən başqa yerdə idim və olayın şahidi olmamışam. Mənə məlumatı da qızım verdi. Bildirdi ki, Araz qızımın nişanlısını bıçaqlayıb. Dərhal evə gəldim artıq qızımın nişanlısını xəstəxanaya aparmışdılar. Daha sonra polis idarəsinə çağırıldıq".

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib.

Aparılan istintaqla müəyyən edilib ki, 28 fevral 2025-ci il tarixdə Araz Səmədovun yaşadığı Əmircandakı fərdi yaşayış evinə qardaşının qaynı, həmçinin bacısı Şahmuradova Nəzrin nişanlısı olan Uğurlu Babək qonaq gəlir.

Bu məqamda müəyyən vaxt keçdikdən sonra Araz Babəki onun bacısı Nəzrinlə yataq otağında söhbət edən zaman zorlamasını, seksual xarakterli zorakı və əxlaqsız hərəkətlər etməsini güman edərək onu qəsdən öldürmək qərarına gəlir.

Araz qonaq otağından bıçağını götürərək yataq otağına daxil olur və bacısından dərhal otaqdan çıxmasını tələb edir. Lakin bacısı otaqdan çıxmadıqda ilk olaraq Babək Uğurlunun sifət nahiyəsinə yumruq zərbəsi vurur, daha sonra Araz əlindəki bıçağı bacısının sifət nahiyəsinə sıxaraq zərif çapıq xəsarəti yetirir və təkrarən otaqdan çıxmasını tələb edir.

Bu zaman bacısının nişanlısı olan Babəki öldürmək məqsədi ilə əlindəki bıçaqla onun sinə, qarın və bədəninin müxtəlif nahiyələrinə, ümumilikdə 7 bıçaq zərbəsi endirir.

Babək Uğurlunun yaralı vəziyyətdə aktiv müdafiə olunması, eyni zamanda evdə olan şəxslərin köməyi və vaxtında müdaxiləsi nəticəsində Araz Səmədovun əlindən bıçağı almaq və zərərsizləşdirmək mümkün olur. Bununla da Araz niyyətini başa çatdıra bilmir və Babəkin həyatı xilas edilir.

Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb./unikal/