“Netflix”i aldatmışdı - Həbs edildi

“Netflix”i aldatmışdı - Həbs edildi

Hollivud ssenaristi və rejissoru Karl Rinş “Netflix”dən aldığı 11 milyon dolları təyinatı üzrə istifadə etmədiyi üçün 2 il 6 ay azadlıqdan məhrum olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Məlumata görə, Rinş bu pulu çəkilişi başa çatdırılmayan “White Horse” adlı elmi-fantastik serialın hazırlanmasına xərcləməli idi. Lakin o, vəsaiti şəxsi hesabına köçürərək bahalı avtomobillər, saatlar, geyimlər və ev əşyaları alıb. Rejissorun yalnız iki döşəyə 638 min dollar (1 milyon azn) xərclədiyi də məlum olub.

Məhkəmədə çıxış edən Rinş və vəkilləri bildiriblər ki, onun bu addımlarına psixoloji problemləri və qəbul etdiyi dərmanlar səbəb olub. Onların sözlərinə görə, rejissor hazırda müalicə alır.

Aktyor Kianu Rivz də daxil olmaqla, bir neçə tanınmış şəxs məhkəmədən Rinşə daha yüngül cəza verilməsini xahiş etsə də, hakim onu 2 il 6 ay həbs cəzasına məhkum edib.