Laçının deputatı: Ermənilərin köç vaxtı uzadıla bilməzbackend

Laçının deputatı: Ermənilərin köç vaxtı uzadıla bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərə verilən vaxt daralır. Avqustun 25-nə qədər Laçını tərk etməli olan ermənilər vandal əməllərə əl ataraq, yaşayış evlərini yandırır, meşələrə od vuraraq, insanlığa sığmayan cinayətlər törədirlər.

Bundan əlavə, mətbuatda yer alan xəbərlərə görə, Qarabağdakı separatçılar ermənilərin köçünü 1-2 ay müddətinə gecikdirmək niyyətində olduqlarını bildirirlər. “Hraparak” qəzeti yazır ki, Laçında qanunsuz yaşayan ermənilər gələn həftə Moskvada gözlənilən üçtərəfli görüşə ümid bəsləyirlər. Onlar təxliyə tarixinin daha 1-2 ay gecikdirilməsi ilə bağlı razılığın əldə oluna biləcəyini gözləyirlər.

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan Laçının deputatı deputat Mahir Abbaszadə əvvəlcə Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində böyük qələbə qazandığını, bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli bəyannamənin imzalandığını xatırladıb: “Bəyannaməyə əsasən, Qarabağda yaşayan etnik ermənilərin Ermənistanla gediş-gəlişlərini asanlaşdırmaq üçün Laçın şəhərinin mərkəzindən müvəqqəti olaraq onlara yol verilib.

Həmin bəyannamənin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan tərəfi yaxın üç il ərzində yeni dəhliz tikib, hazır vəziyyətə gətirməliydi. Azərbaycan dövləti artıq bunu edib. Yeni dəhliz Laçının şəhər mərkəzindən, Zabux və Sus kəndlərindən keçməyəcək. Belə olduğu halda Laçının şəhər mərkəzində və adı çəkilən kəndlərdə təhlükəsizlik missiyası həyata keçirən Rusiya hərbi kontingenti artıq yeni dəhlizin müdafiə zolağında öz işini həyata keçirəcək. Beləliklə, Laçın şəhər mərkəzində, eləcə də Zabux və Sus kəndində məskunlaşan ermənilər oradan köçürüləcək. Həmin ermənilər Ermənistan hökuməti tərəfindən Şərq ölkələrindən aldadılaraq və şirin vədlər verilərək Laçına gətirilib”.

Deputat vurğulayıb ki, ermənilərin Laçına vurduğu ziyan hesablanmalı və gələcəkdə təzminat alınmalıdır: “Ermənilər bundan öncə Kəlbəcər və Laçın ərazilərindən çıxarkən yanğın törədiblər. Azərbaycan dövləti tərəfindən onların bu hərəkətləri diqqətlə izlənilib, lazımı addımlar atılıb. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlara ermənilərin etdiyi vandallıq hərəkətləri ilə bağlı məlumatlar verilir. Son zamanlar yenə də ermənilər Laçın şəhərini tərk edərkən yanğınlar törədirlər. Mənə elə gəlir ki, bu, Ermənistan tərəfindən indiyə kimi Azərbaycanın flora və faunasına, təbii sərvətlərinə qarşı aparılan vandalizm siyasətinin davamı kimi dəyərləndirilməlidir.

Ərazidə fəaliyyət göstərən Rusiya sülməramlı kontingenti seyirçi xarakter daşımamalıdır. Onlar bu proseslərin qarşısını almağa həm cavabdeh, həm də borcludurlar. Belə hadisələrin sülhməramlıların gözü önündə baş verməsi bizim haqlı narazılığımıza səbəb olur.

Hesab edirəm ki, sülhməramlıların başçısına vəzifəsini icra etməli olduğu bir daha xatırladılmalıdır. Digər tərəfdən məlumdur ki, Azərbaycan dövləti Ermənistanın vurduğu ziyanlarla bağlı hesablamalar həyata keçirir. Düşünürəm ki, dəymiş ziyan hesablanarkən 2020-ci ildə Laçın rayonunu tərk edərkən ermənilərin vurduğu ziyanlar, ondan əvvəl 1992-ci ildə işğala məruz qalarkən vurulmuş ziyanlar, eyni zamanda, indi Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndini tərk edərkən ermənilərin vurduğu ziyanlar hesablanmalı və Ermənistan dövlətinin təzminat ödəməsi ilə bağlı işlər həyata keçirilməlidir”.

M.Abbaszadənin fikrincə, ermənilər Laçından köçü gecikdirə bilməzlər: “Xüsusilə vurğulamaq istəyirəm ki, ermənilər bu prosesi heç cür uzada bilməzlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədlərə nail olur. Mənim fikrimcə, ermənilər bundan sonra 1-2 ay orada yaşaya bilməzlər. Yaşasalar da, bu, heç nəyi həll etmir. Çünki onların Laçında yaşamaq hüququ yoxdur. Azərbaycanda yaşayacaq ermənilərin, xüsusilə də Qarabğda yaşayan ermənilərin Prezident İlham Əliyevin dediyi kimi, heç bir statusundan söhbət gedə bilməz. Onlar Azərbaycan Respublikasında yaşayan digər vətəndaşlarla eyni hüquqa malik olacaqlar. Mənə elə gəlir ki, bu çox düzgün və normal haldır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdiyi halda ölkəmizdə normal yaşaya bilərlər”.