Türkiyənin məşhur serialı olan “Arka Sokaklar”ın gələcəyi ilə bağlı yayılan iddialara aydınlıq gəlib.
NOCOMMENT.az xəbər verir ki, mövsüm finalı öncəsi serialın tamamilə bitəcəyi barədə xəbərlər izləyicilər arasında narahatlıq yaratsa da, layihənin yeni mövsümdə də davam edəcəyi bildirilir.
Kanal D-də yayımlanan və televiziya tarixinin ən uzunömürlü seriallarından sayılan “Arka Sokaklar” hazırda 20-ci mövsümünü başa vurmağa hazırlaşır. Sosial şəbəkələrdə və müxtəlif platformalarda serialın final edəcəyi ilə bağlı çoxsaylı paylaşımlar yayılsa da, bununla bağlı rəsmi açıqlama verilməyib.
Yayımlanan son treylerlərdə də layihənin final deyil, mövsüm finalı etdiyi açıq şəkildə vurğulanıb. Bu isə serialın yeni yayım mövsümündə ekranlara qayıdacağını göstərir.
Məlumata görə, “Arka Sokaklar”ın 21-ci mövsümü planlaşdırılır. Lakin yeni sezonun hansı tarixdə başlayacağı hələlik açıqlanmayıb. Televiziya sektorundakı ümumi yayım təqvimi nəzərə alınarsa, serialın yeni bölümlərlə 2026-cı ilin sentyabr və ya oktyabr aylarında tamaşaçı qarşısına çıxacağı ehtimal edilir.
Mövsüm finalının treyleri isə artıq izləyicilərdə böyük maraq doğurub. Kadrlarda Rza Baba və komandasının təhlükəli əməliyyata atıldığı görünür. Xüsusilə Əlini xilas etmək üçün zamanla yarışan komandanın aqibəti final bölümünün əsas mövzularından biri olacaq.
Treylerdə yer alan gərgin və emosional səhnələr bəzi personajların serialdan ayrılacağı ilə bağlı ehtimalları da gündəmə gətirib. Bununla belə, aktyor heyəti ilə bağlı rəsmi məlumat paylaşılmayıb.











