Aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə etdiyi paylaşımla estetik prosedurlar ətrafında səslənən tənqidlərə münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə instaqram hesabının hekayə bölməsində fikirlərini bölüşüb. Aktrisa bildirib ki, insanın xarici görünüşündə onu narahat edən məqamı dəyişmək istəməsi və bunun ona özünü daha yaxşı hiss etdirməsi normaldır:
"Qədərində edilən hər şey gözəldir. İnsan öz xarici görünüşündə onu narahat edən bir məqamı dəyişmək istəyirsə və bu dəyişiklik ona özünü daha yaxşı hiss etdirməyə kömək edirsə, mən bunda heç bir problem görmürəm. Estetik prosedurların məqsədi də, çox vaxt, insanın özünəinamını artırmaq və onu narahat edən kompleksləri aradan qaldırmaq olur.
Təəssüf ki, estetik prosedurlara müraciət edən insanlar tez-tez qınaq və tənqid hədəfinə çevrilirlər. Halbuki hər kəs öz bədəni və görünüşü ilə bağlı qərarı özü verməlidir. Təbii qalmağı seçən də öz seçimini edir, estetik müdaxiləyə müraciət edən də. Hər iki seçimə hörmətlə yanaşmaq lazımdır.
Əlbəttə, burada əsas məsələ həddi aşmamaqdır. Nəticə bayağılığa, vulqarlığa və süni görünüşə çevrilmədiyi müddətdə, insanın özünü daha rahat və xoşbəxt hiss etməsi üçün etdiyi dəyişikliklər tamamilə normaldır".
Aktrisa əlavə edib ki, insanın görünüşündə etdiyi dəyişikliyin başqaları tərəfindən tənqid edilməsi gülüncdür:
"Heç vaxt başa düşə bilmirəm ki, bir insanın öz görünüşü ilə bağlı seçimi niyə başqalarını bu qədər narahat edir. Əgər xoşunuza gəlmirsə, sadəcə baxmayın. Amma kiminsə özünü daha yaxşı hiss etmək üçün etdiyi seçimə görə onu linç etmək, mühakimə etmək və ya alçaltmaq doğru deyil.
Hər kəs öz həyatı, bədəni və seçimləri ilə bağlı qərar vermək haqqına malikdir. Ən vacibi isə başqalarının seçimlərinə hörmət etməyi bacarmaqdır".
Qeyd edək ki, aktyor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik etdirməsini ələ salması tənqid olunub.











