Masallıda yağış suları yolun hərəkət hissəsini iflic edib.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə Masallı rayonunun Boradigah qəsəbəsində, yağan intensiv yağışlar yol infrastrukturunda ciddi problemlər yaradıb.
Belə ki, ötən gün axşam saatlarından başlayan güclü yağıntı nəticəsində yağış suları asfalt örtüyünə çıxaraq nəqliyyat vasitələrinin və piyadaların hərəkətini çətinləşdirib. Xüsusilə yolda yaranmış çalaların su ilə dolması sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Sürücülər bildirirlər ki, yağışlı havalarda bu ərazidən keçmək demək olar mümkünsüz olur. Çalalar su ilə dolduğundan yolun vəziyyətini görmək çətinləşir və avtomobillər tez-tez həmin hissələrə düşərək zədələnir. Onların sözlərinə görə, hər dəfə yağış yağanda eyni problemlə üzləşirlər.
“Yağış yağan kimi buradan keçmək olmur. Sürəti azaltmağa məcbur qalırıq. Amma yenə də piyadaların üzərinə su sıçrayır, bu da narazılıq yaradır. Üstəlik, avtomobillərə ciddi ziyan dəyir”, – deyə sürücülər qeyd ediblər.
Sakinlər də bildirirlər ki, ərazi uzun illərdir bu vəziyyətdədir və indiyədək problemin həlli üçün ciddi tədbirlər görülməyib. Onlar aidiyyəti qurumlardan yolun təmir olunmasını və yaranmış problemin aradan qaldırılmasını xahiş edirlər.
Tunar,
NOCOMMENT.az









