Müxalifətin “qarımış” liderindən “demokratiya dərsi”backend

Müxalifətin “qarımış” liderindən “demokratiya dərsi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP-li deputat Özgür Özelin ötən gün keçirilən qurultayda sədr vəzifəsinə seçilməsi ciddi müzakirələrə səbəb olub. Analitiklər 49 yaşlı Ö.Özelin 74 yaşlı Kemal Kılıçdaroğlunu əvəzləməsini Türkiyə siyasətində mühüm hadisə hesab edirlər. 

CHP-nin 38-ci Qurultayı sabiq sədrin 13 illik hakimiyyətinə son qoymaqla yanaşı, Türkiyə siyasətində dönüş nöqtəsi ola bilər. Ö.Özelin hazırda lideri olduğu partiyanı uğursuzluq zolağından çıxarıb-çıxarmayacağını zaman göstərəcək. Hələlik isə görünən odur ki, böyük Atatürkün partiyasında baş verən bu dəyişiklik çoxlarını ruhlandırıb. Onlar arasında Azərbaycan müxalifətinin ən stajlı, obrazlı desək, “qarımış” simaları da var…

NOCOMMENT.az bildirir ki, AXCP sədri Əli Kərimli Ö.Özelin CHP sədri seçilməsinə biganə qalmayıb. O, Ö.Özelin demokratik və şəffaf seçki nəticəsində sədr kürsüsünə əyləşdiyini xatırladaraq, bu dəyişikliyi təqdir edib.

Türkiyə müxalifətinin liderini təbrik edən Ə.Kərimli növbəti dəfə azad və şəffaf seçkilərdən, dəyişiklik rüzgarlarından dəm vurub. İstənilən siyasi hadisəyə rəy bildirmək hər bir partiya sədrinin hüququdur. Heç bir siyasətçini bu hüquqdan məhrum etmək olmaz. Təbii ki, Əli Kərimlinin də danışmaq, dəyişiklikləri şərh etmək hüququ var. Bəs haqqı necə, varmı? 22 ildən çox bir müddət ərzində sədr postunda əyləşən alovlu cəbhəçinin K. Kılıçdaroğlunun 12 illik hakimiyyətini tənqid etməyə haqqı çatırmı? Dəyişiklik rüzgarı bu qədər vacib və zəruridirsə, niyə həmişə AXCP-dən yan keçir? Niyə Ə. Kərimli ikiəlli yapışdığı sədr kürsüsünü xələflərindən birinə etibar etmir? Niyə o, hər dəfə AXCP-nin qurultaylarında alternativsiz sədr seçilir? Doğrudanmı, özünün dediyi kimi, minlərlə üzvü olan AXCP-də Ə.Kərimlini əvəzləməyə bircə Allah bəndəsi tapılmır? Əgər belədirsə, ortaya növbəti sual çıxır: O, niyə öz ardıcıllarını yetişdirmir?

Dəyişiklik vacibdir, qaçılmazdır. Dəyişiklik müvəffəqiyyətin rəhnidir. Dəyişiklik demokratiya nümunəsidir. Azərbaycan müxalifəti, xüsusilə özünü onun “avanqardı” sayan AXCP isə həmişə dəyişiklikdən uzaq qalıb. Müxalifətin, onun timsalında isə AXCP-nin uğursuzluğunun kökünündə dayanan əsas amil də elə budur. Aradan təxminən bir qərinə keçib, amma Ə.Kərimli və tərəfdaşları hələ də ağızlarının suyunu axıda-axıda qonşudakı dəyişikliyə baxırlar…