Naxçıvanda Azərbaycan qanunlarına zidd addım atılıb…backend

Naxçıvanda Azərbaycan qanunlarına zidd addım atılıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasında (MR) ardıcıl iki dövlət qurumu ləğv edilib və əvəzində birbaşa Bakıya tabe olan yerli idarələr yaradılıb. Ləğv edilən qurumlardan biri Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti, digəri isə Naxçıvanın Dövlət Gömrük Komitəsidir.

Muxtar respublikada iki yerli qurumun ləğvi Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda əməliyyat aparması və bir neçə yüksək vəzifəli məmurun milyonlarla manat dəyərində mənimsəmədə ittiham edilməsi, ardınca onların həbs olunması ölkə mediasında müxtəlif xəbərlərin yayılmasına səbəb olub.

Bakının Səbail rayon Məhkəməsində Naxçıvan MR-in maliyyə naziri Rəfael Əliyev və Naxçıvan Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov haqqında 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Onların hər ikisi külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Müşahidələr Naxçıvan ətrafındakı hadisələrin miqyasının genişləndiyini göstərir. Dünən Naxçıvan MR Ali Məclisninin sədri Vasif Talıbovun deputat oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən çıxarıldığı barədə xəbər də yayılıb.

NOCOMMENT xəbər verir ki, Milli Məclisin deputatl Fazil Mustafa BBC Azərbaycanca-ya deyib ki, Naxçıvanda qurumların ləğv edilib Bakıya birbaşa tabeçiliyini yaratmaq “dövlətin unitar quruluşuna uyğunlaşdırma prosesidir, şəxslərlə bağlı məsələ deyil”.

“Yerli idarəetmə ilə bağlı kommunal təsərrüfat xarakterli səlahiyyətlər Naxçıvanda qalır. Ancaq təhlükəsizlik, ictimai asayiş, gömrük və sair vahid bir siyasətə tabe olan məsələdir”.

Onun sözlərinə görə, Naxçıvanla bağlı kadr təyinatı, ora kadr göndərmək və başqa məsələlər əvvəllər Bakıda həll oluna bilməsə də, indi baş idarə statusunda bu qurumlar Bakıdan idarə olunacaqlar.

Fazil Mustafa son dəyişikliklərlə bağlı deyib ki, bunlar heç də Naxçıvanın statusunun ləğvi deyil, “sadəcə muxtar respublikanın iç elementlərində dəyişiklik baş verir”.

Fazil Mustafa hesab edir ki, Naxçıvanla bağlı mərkəzi hakimiyyətdən yayınma, Azərbaycan qanunlarına ziddiyyət təşkil edən əməl o olub ki, Naxçıvan MR-da müstəqil xarici siyasətlə bağlı addımlar atılıb.

“Orada xarici əlaqələr komitəsi və başqa quruluşlar yaradılmışdı və onlar vasitəsilə bu addımlar atılırdı və bu da bir az məntiqli görünmür. İdarəetmə sferasında Azərbaycanın ali dövlət orqanlarına, icra strukturlarına birbaşa tabe olan bir idarəetmə sistemi formalaşmalı idi. İndi əslində baş verənlər bu istiqamətdədir”.

Fazil Mustafa onu da deyib ki, Naxçıvanda baş verənlərin təfərrüatları haqqında geniş informasiyası yoxdur və növbəti addımların nə olacağını bilmir.

Onun fikrincə, bu məsələlərə Qarabağ kontekstindən baxılmalıdır və unitar dövlət formasına uyğun müəyyən düzəlişlər edilməlidir.

“Konstitusiyanın müəyyən müddəaları daha da dəqiqləşdirilə bilər. Lakin, eyni zamanda Qarabağa muxtariyyat verilməsi tələbi Naxçıvanın muxtariyyatı ilə əsaslandırıla bilməz. Söhbət muxtar bölgədən gedir, dövlətdən yox. Naxçıvan azad iqtisadi bölgəsi, zonası da ola bilər. Naxçıvanla Qarabağın statusu eyni deyil, orada başqa xalq yaşamır. Naxçıvan əhalisi azərbaycanlılardan ibarətdirsə, onun Qarabağla müqayisəsi yerinə düşmür, Biz Qarabağı ancaq Ermənistanın tərkibində yaradılan muxtar bir qurumla müqayisə edə bilərik” , – deyə Fazil Mustafa bildirib.

Millət vəkili ehtimal edib ki, bu proseslər gələcəkdə Konstitusiyaya dəyişikliklərə apara bilər.