Nazirin kəsintisiz internet vədi niyə gerçəkləşmir?backend

Nazirin kəsintisiz internet vədi niyə gerçəkləşmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq uzun müddətdir ki, Azərbaycanda internet təchizatında problemlər yaşanır. İnternet ya birdən-birə zəifləyir, ya da qısamüddətli olsa da, tamamilə kəsilir.

Bir müddət əvvəl Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkədə internet probleminin tamamilə aradan qaldırılacağını, Azərbaycanın ən ucqar kəndində belə, internetə çıxış olacağını bildirsə də, məsələ hələ də həll olunmamış qalır.

Bəs nazirin bu vədi özünü doğruldurmu, hələ də mövcud olan problemlər nələrlə bağlıdır?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, nazirlik vədini yerinə yetirmək üçün artıq bir sıra işlərə başlayıb.

O.Gündüz qeyd edib ki, 2021-ci ilin sonlarından etibarən “Onlayn Azərbaycan” layihəsinə başlanılıb: “Prosesi sürətləndirmək üçün özəl provayderlər də layihəyə cəlb edilib. Yalnız yeraltı deyil, yerüstü GPON şəbəkəsinin qurulmasına, əlavə resurslardan, elektrik dirəklərindən də istifadəyə qərar verilib. Ötən müddət ərzində təkcə “Aztelekom” operatoru Bakı ətrafında, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla 60 rayon və şəhərdə, çoxsaylı podratçıları layihəyə cəlb etməklə GPON və digər genişzolaqlı internet infrastrukturunu qurmağa başlayıb. Digər özəl provayderlər də Bakıətrafı və regionlarda bu istiqamətdə işlər aparırlar. Müşahidələr göstərir ki, ötən müddətdə əvvəlki illərlə müqayisədə keyfiyyətli internetə əlçatanlıqla bağlı hədsiz çox işlər görülüb. Nazirliyin operatorları, həmçinin dövlət-özəl tərəfdaşlıqla çalışan özəl provayderlər təkcə 2021-2022-ci il ərzində birgə 422 min müştərini GPON və digər texnologiyalarla sürətli internet şəbəkəsinə qoşub. Yalnız Bakı ətrafında 200 mindən çox istifadəçi üçün keyfiyyətli internetə əlçatanlıq təmin edilib. Bu, hətta son 5 il ərzində bu tip internet xidməti ilə təmin olunanların sayından dəfələrlə çoxdur”.

Onun sözlərinə görə, nazirlik öz vədini yerinə yetirə biləcək: “Nazirlik 2024-cü ilin sonuna qədər minimum 25Mbit/s internet sürəti ilə bütün ölkə üzrə internet məsələsini birdəfəlik həll etməyi hədəfləyib. Müşahidələr göstərir ki, bu istiqamətdə ciddi işlər aparılır, hələlik görülən işləri qənaətbəxş hesab etmək olar. Amma problemlər də var.

Bəzən podratçılar dirəkləri basdırıb, kabelləşmə aparsalar da, uzun müddət, hətta bir neçə ay istifadəçiləri şəbəkəyə qoşa bilmirlər, yəni son nöqtə problemi həll olunmur. Bəzi hallarda podratçıların işlərində məsuliyyətsiz yanaşmalar görünür. Bir çox bölgələrdə isə, ümumiyyətlə, bu istiqamətdə işlərə başlanmayıb.

Apardığımız müşahidələr həm də onu deməyə əsas verir ki, bölgələr üzrə rəqəmsal torpaq kadastr xəritələrinin olmaması da prosesləri xeyli ləngidir. Torpaq mülkiyyətçiləri ilə problemlər, bəzi yerli qurumların dəstəyinin yetərli olmaması da ləngimələrə səbəb olur. Ümid edirəm və inanıram ki, nazirlik bütün resurslarını səfərbər edib vədini yerinə yetirə biləcək”.

O.Gündüz bahalı internet və inhisarçılıq mövzusuna da toxunub: “Bir müddət öncə “Aztelekom” və “Baktelecom” yüksək internet sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb. Daha yüksək sürətlərə uyğun olaraq nisbətən yüksək tariflər təsdiqlənib. Biz son zamanlar RİNN tərəfindən yüksək sürətli, keyfiyyətli internetə keçidlə bağlı Bakı ətrafında və regionlarda sistemli olaraq aparılan işləri təqdir etsək də, indiki anda bir müddət aşağı sürətlərin də əlçatan olmasını təklif etmişdik. İndi, bu qiymətlərin necə fromalaşmasını araşdırdıqda qəribə situasiya ilə rastlaşdım. Görünən odur ki, hər iki operator GPON istifadəçisi üçün bahalı, 110 manat civarında “Nokia” və ya “Huawei” fiber optik modemini təklif edir. Bildiyim qədər operatorların özləri bu modemi daha baha qiymətə alırlar. Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir”.

O bildirib ki, “Aztelekom” və “Baktelekom” əsasən “Huawei” və “Nokia” texnologiyalarından istiafdə edir: “Nazirliyin indiki rəhbərliyindən xeyli əvvəl bu şirkətlərin adı çəkilən operatorlarla müqavilələri var. Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər. Yəni, nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli, 30-40 manat civarında olan fiber optik modemdən istifadə etsə, bu şəbəkədən internet əldə edə bilməyəcək. Düşünürəm ki, bu yolverilməzdir.

Belə çıxır ki, adıçəkilən şirkətlərlə bağlanan müqavilələr antiinhisar qanunvericiliyinə ziddir. Maraqlıdır ki, yeni rəhbərlik də bu müqavilələri analiz etmədən, necə deyərlər “baş ağrıtmadan” elə onlar əsasında əməkdaşlığı davam etdirirlər.

Fikrimcə, bunlar yenidən nəzərdən keçirilməlidir. Haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar tərəfindən nəzərdə saxlanılmalıdır. Antiinhisar Dövlət Xidmətinin “Bir bina bir provayderindir” məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir. Bununla belə göründüyü kimi sektorda bir çox sahələrdə problemlər qalmaqdadır”.

Osman Gündüz qeyd edib ki, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var: “Yəni, dünyanın heç yerində “Ankara telekom”, “Tbilisi telekom” kimi qurumlar yoxdur. Yalnız bizdə Aztelekom-la yanaşı Baktelekom da var. Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün vahid formada olan qurumu iki yerə parçalayıblar.Əlbəttə, hər ikisi təbii inhisarçıdır.

Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı. Fikrimcə, Antiinhisar bu məsələləri nəzərə almalıdır”.