Sumqayıt şəhərində sakinlərin istirahət hüququnu məhdudlaşdıran və Nəsimi adına parkın ərazisində aparılan qanunsuz tikinti işlərinə son qoyulub.
NOCOMMENT.az-ın məsələni ictimailəşdirməsindən dərhal sonra dövlət qurumları əraziyə baxış keçirərək sərt tədbirlər görüb.
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Sumqayıt sakinləri Nəsimi adına parkda və onun ətrafında aparılan tikinti işləri ilə bağlı redaksiyamıza şikayət ünvanlamışdılar. Sakinlər bildirirdilər ki, parkın daxilində qurulan hasarlar piyada yollarını kəsib, uşaqların və yaşlıların hərəkətini təhlükə altına atıb. Heç bir məlumat lövhəsinin olmaması və tikintinin gizli şəkildə aparılması vətəndaşların ciddi narazılığına, “Bu icazəni kim verir?” sualının yaranmasına səbəb olmuşdu.
NOCOMMENT.az-ın qaldırdığı bu problem qısa zamanda öz həllini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza verilən məlumata görə, komitə əməkdaşları tərəfindən sözügedən əraziyə operativ şəhərsalma nəzarəti qaydasında baxış keçirilib. Yoxlama zamanı parkın 300 kv.m sahəsində müvafiq icazəverici sənədlər olmadan, dəmir konstruksiyalardan ibarət özbaşına tikinti işlərinin aparıldığı faktı aşkar edilib.
Komitənin operativ müdaxiləsi nəticəsində ərazidəki bütün qanunsuz işlər dərhal dayandırılıb.
Ərazidən son görüntüləri təqdim edirik.









