Nömrənin üzərinə corab asırlar, “kapot”u qaldırırlar… – Parkinqə 1 manat ödəmək yaxşıdır, yoxsa 700 manatlıq cərimə?backend

Nömrənin üzərinə corab asırlar, “kapot”u qaldırırlar… – Parkinqə 1 manat ödəmək yaxşıdır, yoxsa 700 manatlıq cərimə?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, son dəyişikliklərdən sonra dayanacaqlarda avtomobillərin parklanması yeni sistemə uyğun aparılır. Bununla belə, problemin tamamilə həll olunduğunu da iddia etmək olmaz.

Son günlərdə sosial şəbəkələrdə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının üzərini bağlamağa çalışaraq, ödənişdən boyun qaçırmağa cəhd edən sürücülərin görüntüləri yayılıb.  Deyəsən, hələ də bir çox sürücü bu yeniliyə öyrəşə bilməyib, ya da elə əvvəlki kimi dayancaq ödənişindən yayınmaq istəyirlər.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı  Sfera.az-a açıqlamasında bildirib ki, sözügedən görüntülər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən məqsədli şəkildə yayılır:

“Bu görüntülər NİİM tərəfindən məqsədli şəkildə yayılır ki, digər sürücülər də nümunə götürsünlər. Çünki bu sürücülər onsuz da məsuliyyətdən yayına bilmirlər, sadəcə, özlərini aldatmaqla məşğuldurlar”.

E.Muradlı bildirib ki, dövlət qeydiyyat nişanının üzərinə corab asanlar belə var:

“Bəzən dövlət qeydiyyat nişanının üzərinə salfet yapışdırırlar, yaxud corab asırlar ki, nömrə görünməsin. Bunların hamısı məsuliyyətsiz davranışlardır. Bəzi hallarda isə yalandan maşını saxlayıb “kapot”unu açırlar ki, guya texniki nasazlıq yaşanıb, işlərini gördükdən sonra minib gedirlər. Özlərini ağıllı hesab edirlər, guya polis bunları görmür? Maşının oraya gəlməsi, dayanması, getməsi – bunların hamısı avtomatik olaraq qeydə alınır. Kameranın altında baş verən hər şey hər kəsə məlumdur, aidiyyatı qurumlar buna tam nəzarət edə bilirlər

Ekspertin sözlərinə görə, sürücülər məsuliyyətdən yayınmaya görə 700 manatadək cərimə oluna bilərlər:

“Parkinq sistemi hələ yeni tətbiq olunur. Ola bilsin, bəzi sürücülər buna öyrəşməyib. Onlar bilirdilər ki, “parkovşik”lər vaxtilə qanunsuz fəaliyyət göstərir, onlara ödəniş etmirdilər. İndi hələ də o adətdə qalıblar. Görünür, belə düşünürlər ki, ödəniş etməyə bilərlər, amma nəzərə almalıdırlar ki, qanunvericilikdə bunun cəriməsi var.

Açıq şəkildə deyim ki, sürücülər parklanma yerində dayanıb 1-2 manat, hətta bəzi yerlərdə 70 qəpik ödəcəyəkləri halda, həmin ərazini ödəniş etmədən tərk etdiyinə görə 10 manat, ya da dövlət qeydiyyat nişanının üzərini bağlamağa görə 500-700 manat cərimə oluna bilərlər.

Özləri hesablasın ki, 1-2 manat ödəmək yaxşıdır, yoxsa daha ağır cərimələrlə üzləşmək?”