Noyabrın 20-dən Azərbaycanda 7 jurnalist saxlanılıb…backend

Noyabrın 20-dən Azərbaycanda 7 jurnalist saxlanılıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün – dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb.

NOCOMMENT.az Yeniavaz.com-a istinadla xəbər verir ki, artıq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də onun saxlanılması faktını təsdiqləyiblər.

Yaxınlarının sosial şəbəkələr vasitəsilə yaydığı məlumata əsasən, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları jurnalistin evində axtarış da aparıb.

Xatırladaq ki, o, noyabrın 28-də “Abzas Media” işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə ifadə verməsi üçün çağırılmışdı. H. Babalı həmin ərəfədə sosial şəbəkə hesabından “Abzas Media”da dərc olunan çoxsaylı arasdırmaların müəllifi olduğunu bildirmişdi.

Qeyd edək ki, H. Babalı noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci jurnalistdir.
Həmin tarixdə ik olaraq “Abzas Media”nın direktoru, jurnalist Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov saxlanılıblar. “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı isə bir gün sonra – noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Onların hər üçünə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Noyabrın 30-da ifadə üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılan “Abzas Media”nın əməkdaşlarından jurnalist Nərgiz Absalamova da burada saxlanılıb və Xətai Rayon Polis İdarəsinə aparılıb. Ona qarşı da 206.3.2-ci maddə ilə ittiham irəli sürülüb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Noyabrın 27-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb. Vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb. Bir gün sonra – noyabrın 28-də isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 2-də isə “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub.

9 gün sonra – dekabrın 11-də isə “Kanal11” internet televiziyasının direktoru Teymur Kərimov saxlanılıb. Onun saxlanılan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığı deyilir. İddia edilir ki, ondan narkotik ittihamını boynuna alması tələb olunub.

DİNin Teymur Kərimovun saxlanılması ilə bağlı yaydığı məlumatda bildirilib:

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır”.

Bir gün sonra isə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.